2 oktyabr 2024-cü il tarixində Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin zalında alimlərin iştirakı ilə AMEA-nın fizika-riyaziyyat və texnika elmləri, Yer elmləri bölməsinin “Yaşıl dünya naminə həmrəylik ili” və “COP29”-a həsr olunmuş “Yaşıl enerji və süni intellekt” mövzusunda yüksək səviyyədə iclas keçirildi. İclası giriş sözü ilə açan AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli tədbirin “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində təşkil olunduğunu bildirdi.
İclasda Milli Aerokosmik Agentliyinin (MAKA) Ekologiya İnstitutunun direktoru, professor Bəhram Əliyev “Ekologiyanın müasir problemləri və onların həlli yolları” mövzusu ilə çıxış edərək, bəşəriyyəti ən çox narahat edən problemlərdən biri olan iqlim dəyişmələrinin səbəblərini və həlli yollarını ətraflı izah etdi. B.Əliyev həmçinin qeyd etdi ki, keçirilən tədbir eyni zamanda alimlərimizə Bakıda keçiriləcək nüfuzlu COP29 ərəfəsində öz baxışlarını, konsepsiyalarını meydana qoymaq üçün geniş imkanlar açır.
Eyni zamanda tədbirdə AMEA-nın vitse-prezidenti, akademik Rasim Əliquliyev, AMEA-nın akademik-katibi, akademik Arif Həşimov, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin İdarəetmə Sistemləri İnstitutunun baş direktoru, akademik Əli Abbasov, Riyaziyyat və Mexanika İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü Misir Mərdanov və digər alimlər COP29 və ekoloji problemlərlə bağlı məruzələrlə çıxış etdilər.