27 sentyabr 2024-cü il tarixində Milli Aerokosmik Agentliyində (MAKA) Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş bütün şəhidlərimizə dərin ehtiramın ifadəsi olan “Anım günü” qeyd olunmuşdur.
Tədbirdə MAKA-nın çoxsaylı əməkdaşları iştirak etmiş, əvvəlcə tədbir iştirakçıları MAKA-nın inzibatı ərazisində Vətən müharibəsində şəhid olmuş əməkdaşların xatirəsinin əbədiləşdirilməsinə həsr edilmiş Şəhidlər Memorial Abidə Kompleksinin qarşısına gül dəstələri düzmüşlər.
MAKA-nın baş direktoru, professor Natiq Cavadov çıxış edərək, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə müzəffər Ordumuzun 44 günlük Vətən müharibəsində əldə etdiyi parlaq qələbədən, tarixi ədalətin bərpa edilməsindən geniş söz açdı. Qeyd etdi ki, MAKA-da çalışmış əməkdaşlarımızdan Birinci Qarabağ müharibəsi zamanı qəhrəmanca şəhid olmuş Vəli Nuruş oğlu Mahmudovun və 44 günlük Vətən müharibəsində Xocavənd uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalmış Nurlan Rəfail oğlu Zeynalovun əbədi xatirəsi bütün şəhidlərimiz kimi daima qəlbimizdə yaşayacaqdır.
Sonda şəhidlik zirvəsinə ucalmış vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.