Sentyabrın 24-də regionda müdafiə sənayesinə həsr olunmuş ən nəhəng tədbir olan “ADEX-2024” 5-ci Yubiley Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi və “Securex Caspian” 14-cü Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisi öz işinə başlayıb. Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyinin təşkilatçılığı və “Caspian Event Organisers” şirkətinin təşkilati dəstəyi ilə “Bakı Ekspo Mərkəzi”ndə 3 gün davam edəcək tədbirin açılış mərasimində dövlət və hökumət rəsmiləri, Azərbaycandakı diplomatik korpusun və beynəlxalq təşkilatların təmsilçiləri, xarici ölkələrin nümayəndə heyətləri, digər əlaqədar qurumların nümayəndələri iştirak ediblər.
Azərbaycan Respublikasının müdafiə sənayesi naziri Vüqar Mustafayev tədbir iştirakçılarını salamlayıb və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərgi iştirakçılarına salamlama məktubunu oxuyub.
Qeyd edək ki, bu genişmiqyaslı tədbir regionun ən böyük hərbi texnika ekspozisiyalarından biri olmaqla yanaşı, Azərbaycanın müdafiə sənayesi kompleksinin gücü və qüdrətinin nümayişidir.
2024-cü ildə “ADEX” və “Securex Caspian” sərgilərinin miqyası daha da genişlənərək, əvvəlki illərlə nisbətdə ekspozisiyada artım nümayiş etdirir. Belə ki, sərgilər bu il artıq “Bakı Ekspo Mərkəzi”nin yeni istifadəyə verilmiş 4-cü zalı da daxil olmaqla bütün qapalı, eləcə də açıq sahəsini əhatə edir.
Sərgilərdə 40 ölkəni təmsil edən 218-dək şirkət iştirak edir, 14 ölkə milli pavilyonla təmsil olunur.
Tədbirə dünyanın 27 ölkəsindən 53 nümayəndə heyəti qatılıb.
“ADEX” sərgisinin sponsorları Türkiyənin “Baykar”, İsrailin “Israel Aerospace Industries” və Qətərin “Barzan Holdings” şirkətləridir.
Pavilyonumuzun tərkibində 4 stend fəaliyyət göstərir. “Bakı Ekspo Mərkəzi”nin qapalı ərazisində Müdafiə Sənayesi Nazirliyinin 85 kvadratmetr sahəni əhatə edən 1 stendi, Nazirliyin tabeliyində fəaliyyət göstərən “Azərsilah” Müdafiə Sənayesi Holdinqi” Qapalı Səhmdar Cəmiyyətinin isə qapalı məkanda 256 kvadratmetr və 360 kvadratmetr sahələri əhatə edən 2, açıq ərazidə 500 kvadratmetr sahəni əhatə edən 1 stendi quraşdırılıb.
Qeyd edək ki, sərgilər sentyabrın 26-da yekunlaşacaqdır.
Previous
Next