Milli Aerokosmik Agentliyinin 66 əməkdaşı 22-26 iyul və 03-07 avqust 2024-cü il tarixlərdə Müdafiə Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilatçılığı ilə İsmayıllı rayonunda yerləşən 4 ulduzlu “Qaya” Ailəvi İstirahət Mərkəzində istirahət etmişdir.
Hər tərəfdən hündür dağlarla əhatə edilmiş “Qaya” Ailəvi İstirahət Mərkəzində balıq tutmaq arzusunda olanlar üçün göl, hovuz, futbol, voleybol və badminton oyunları üçün nəzərdə tutulmuş yaşıl meydança, stolüstü tennis, idman zalı və bilyard oyunları üçün zallar istirahət edənlərin ixtiyarına verilmişdir.
İstirahət edənlər hər axşam təşkil edilən çay sürfəsi ətrafında xoş söhbət edir və rəqs meydançasında milli və dünya musiqisinin sədaları altında xoş zaman keçirdilər.
Əməkdaşlar təkcə təmiz havanın, gözəl təbiətin, çeşidli yeməklərin dadını çıxarmaqla kifayətlənməmişdir. 4,5 günlük qısamüddətli yay istirahəti müddətində Böyük Qafqaz sıra dağlarının cənub yamacında dəniz səviyyəsindən 1505 m hündürlükdə yerləşən Lahıc qəsəbəsinə, Lahıc şəlaləsinə, Qəbələ rayonundakı Nohurgölə, dünyada bənzəri olmayan öz gözəlliyini və əzəmətini bu gün də qoruyub saxlayan Şəki Xan Sarayına, qədim Karvansaraya təşkil edilmiş ekskursiya və gəzintilər istirahət edənlərdə əvəzolunmaz təəssüratlar yaratmışdır.
“Qaya”Ailəvi İstirahət Mərkəzində istirahət edən işçilər böyük razılıq və minnətdarlıq hissi ilə xoş və zəngin təəssüratlarla dolu istirahətin təşkilatçılarına, xüsusilə Müdafiə Sənayesi Nazirliyinin Rəhbərliyinə, eləcə də, Müdafiə Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinə öz təşəkkürlərini bildirdilər.