AZƏRBAYCAN TEXNİKİ UNİVERSİTETİNDƏ KEÇİRİLƏN “GƏLƏCƏYİN ZƏKASI” PİLOT LAYİHƏSİNDƏ MİLLİ AEROKOSMİK AGENTLİYİNİN ROLU

259
0
Share:

 

Azərbaycan Texniki Universitetində (AZTU) keçirilən “Gələcəyin zəkası” pilot layihəsi AZTU-da xüsusi seçilmiş 4 istiqamət üzrə təhsil alan 3-cü kurs tələbələrinin şəxsi, peşəkar, karyera inkişafının təşkili üçün nəzərdə tutulmuş inkluziv model inkişaf proqramıdır. Proqram ümumilikdə 3 ay davam edəcəkdir. Layihə ərzində tələbələrə  yumşaq  bacarıqlar bloku, karyera savadlılığı bloku və istiqamətləri üzrə texniki dərslər blokunun tədris olunması nəzərdə tutulmuşdur. Bununla əlaqadar olaraq müdafiə sənayəsi texnologiyaları ilə bağlı təlimlərin keçirilməsində Milli Aerokosmik Agentliyinin (MAKA) mütəxəsislərinin iştirak etməsi xahiş edilmişdir. 

21 may 2024-cü il tarixində MAKA-nın Elmi-tədqiqat  işlərinin  koordinasiyası və yaradılma şöbəsinin  Müdafiə  təyinatlı məmulatların yaradılması  bölməsinin rəisi  Ədalət Çobanov AZTU-da keçirilən “Gələcəyin zəkası” pilot layihəsində “Radiorabitə sistemləri və infrastrukturu” mövzusunda çıxış etmişdir. O, çıxışında qeyd etdi ki, davamlı və dayanıqlı rabitə olmadan döyüş aparmaq və döyüşü idarə  etmək mümkünsüzdür. 27 sentyabr 2020-ci il tarixində başlayan və “Dəmir yumruq” əməliyyatı kimi tarixə həkk olunan “44 günlük Vətən Müharibəsi”ndə Azərbaycan Ordusunun qazandığı qələbədə rabitə qoşunlarının da mühüm rolu olmuşdur. Döyüşdə qələbəni şərtləndirən amillərə – operativliyə, etibarlılığa və digər prinsiplərə əməl edən rabitəçilərimiz qarşıya qoyulan tapşırıqların öhdəsindən layiqincə gəlməyi bacardılar və qazanılan zəfərdə böyük pay sahibi oldular.

Daha sonra isə hərbi rabitəçilərin döyüş tapşırıqlarının yerinə yetirilməsi sahələrinə çıxarılaraq vahid rabitə sisteminin təşkil edilməsi üzrə tələblərin yerinə yetirilməsi barədə, həmçinin müasir rabitə vasitələrinin və avtomatlaşdırılmış idarəetmə sistemlərinin tətbiqi ilə qoşunların qarşılıqlı fəaliyyətinin təşkili, səhra idarəetmə məntəqələrinin açılması və digər tədbirlərin icra edilməsi haqqında tələbələrə məlumatlar verildi. 

Müdafiə sənayəsi texnologiyaları ilə bağlı növbəti təlim 23 may 2024-cü il tarixində “Pilotsuz Uçuş Aparatları sistemləri” mövzusunda keçirildi. Təlimdə MAKA-nın Təbii Ehtiyatların Kosmik Tədqiqi İnstitutunun Pilotsuz uçuş aparatlarının tədqiqi şöbəsinin rəis müavini Ramiz Mehdiyev çıxış edərək ilk öncə Pilotsuz Uçuş Aparatları (PUA ) və onların təyinatına görə növləri, müasir dünyada PUA-ların istər hərbi, istərsə də mülki məqsədlər üçün geniş tətbiq olunduğu haqqında tələbələrə ətraflı məlumat verdi. O, bildirdi ki, hər birimizin qürurla xatırladığımız “44 günlük Vətən Müharibəsi” sadəcə milli hərb tariximizə deyil, həm də dünya hərb tarixinə PUA-ların kütləvi tətbiqi ilə yadda qaldı. Dünya hərb tarixində ilk dəfə olaraq bütöv bir müharibədə həm müşahidə, həm də zərbə dronlarından paralel şəkildə və uğurla istifadə edildi ki, bu da müharibənin aqibətinə əhəmiyyətli dərəcədə təsir göstərdi.

Təlimin sonunda tələbələri maraqlandıran suallar cavablandırıldı.

Share: