7 may 2024-cü il tarixində Milli Aerokosmik Agentliyində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101 illiyinə həsr olumuş tədbir keçirildi.
MAKA-nın inzibati binasındakı Ulu Öndər Heydər Əliyev büstü önünə gül dəstələri düzülərək, dahi şəxsiyyətin parlaq xatirəsinə dərin ehtiram ifadə olundu.
Tədbir Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü naminə canından keçən şəhidlərimizin əziz xatirələrinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıldı.
Daha sonra Ümummilli Liderin həyat və fəaliyyətindən bəhs edən sənədli film nümayiş olundu.
Tədbiri giriş sözü ilə açan MAKA-nın baş direktoru, professor Natiq Cavadov 1969-cu ildən onun Azərbaycana rəhbər seçilməsi, tariximizə ölkəmizin sürətli və uzunmüddətli inkişafının əsasını qoyması kimi daxil olduğunu və ölkəmizin son onilliklər ərzində qazandığı uğurların Ümummilli Liderin adı ilə bağlı olduğunu vurğuladı.
Baş direktorun müavini (rejim və təhlükəsizlik üzrə) Nazim Əliyev çıxış edərək Ümummilli Lider Heydər Əliyevin Azərbaycan tarixindəki və beynəlxalq arenadakı rolundan, o cümlədən demokratik, hüquqi dövlət quruculuğunda, ölkəmizin qüdrətlənməsində, xalqın rifahının yüksəlməsində misilsiz xidmətlərindən və dünya siyasətinə verdiyi töhfələrdən söz açdı.
Fəlsəfə və Sosiologiya İnstitutu Davamlı inkişafın fəlsəfəsi və sosiologiyası şöbəsinin müdiri, fəlsəfə elmləri doktoru, professor Sakit Hüseynov bildirdi ki, müasir Azərbaycan dövlətinin memarı və qurucusu, xalqının və dövlətinin müstəqilliyi, inkişafı naminə böyük və əvəzedilməz işlər görmüş Ulu Öndər Heydər Əliyev hər zaman fəxr edəcəyimiz, qürur hissi ilə xatırlayacağımız dahi şəxsiyyətdir. Müstəsna xidmətləri ilə əbədilik qazanan Ümummilli lider Heydər Əliyevin mənalı həyat yolu, zəngin və çoxşaxəli irsi tükənməz həyat məktəbidir. Azərbaycan xalqı onun taleyində və tarixində silinməz izlər qoymuş dahi şəxsiyyət Heydər Əliyevin xatirəsini hər zaman dərin ehtiramla yad edir. Millətin məhəbbətini qazanmış Ümummilli Lider Heydər Əliyev Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi kimi əbədi olaraq yaşayacaqdır.
AMEA Şərqşünaslı İnstitutu Din və ictimai fikir şöbəsinin müdiri, Gənc alim və mütəxəssislər şurasının sədri, fəlsəfə üzrə fəlsəfə doktoru Elnur Mustafayev qeyd etdi ki, müasir Azərbaycanın əldə etdiyi tarixi nailiyyətlər dahi şəxsiyyət Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli Lider Azərbaycana rəhbərlik etdiyi ilk illərdən etibarən ölkəmizin gələcək inkişaf strategiyası ilə bağlı mühüm addımlar atılıb. Məhz Heydər Əliyevin uzaqgörən siyasəti sayəsində Azərbaycan və xalqımız zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxıb. Azərbaycanı məhv olmaqdan qurtararaq işıqlı sabaha çıxaran, dövlətin ideoloji-siyasi əsaslarını yaradan Ümummilli Liderin mənalı ömür yolunun hər anı bugünkü və gələcək nəsillər üçün unudulmaz tarixdir.
Tədbirin sonunda qonaqlara MAKA-nın baş direktoru, professor Natiq Cavadov tərəfindən Təşəkkürnamə təqdim olundu.