12-13 aprel 2024-cü il tarixində Odlar Yurdu Universitetinin təşkilatçılığı ilə “Scopus” da indekslənən “Ağıllı ətraf mühit və yaşıl texnologiyalar” adlı beynəlxalq elmi konfrans keçirilmişdir.
Konfrans Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Şimali Kipr Türk Respublikası, Yaxın Doğu Universiteti, Milli Aerokosmik Agentliyi, Elm və Təhsil Nazirliyinin İdarəetmə Sistemləri İnstitutu, İnformasiya Texnologiyalari İnstitutu, Kanadanın Alberta Universiteti, Polşa Elmlər Akademiyası Sistemlər Tədqiqatı İnstitutu, Dendrologiya İnstitutu və AMEA-nın dəstəyi ilə təşkil olunmuşdur.
Konfransda çıxış edən MAKA-nın baş direktoru, professor Natiq Cavadov Odlar Yurdu Universitetinin təşəbbüsü ilə “Ağıllı ətraf mühit və yaşıl texnologiyalar” mövzusunda təşkil olunan beynəlxalq konfransın təşkilatçılığına görə iştirakçılar adından Odlar Yurdu Universitetinin rektoru, professor, Əhməd Vəliyevə və əməyi keçən hər kəsə öz minnətədarlığını bildirmişdir.
Günü-gündən inkişaf edən ölkəmizdə bu kimi tədbirlərin təşkil olunması və beynəlxalq arenada nüfuzumuzun artması bizi qürurlandırır. Milli Aerokosmik Agentliyi olaraq biz də öz fəaliyyətimiz ilə bu kimi tədbirlərə töhfə verməyə davam edəcəyik.
Azərbaycan Respublikasının Prezidenti, Ali baş komandanımız cənab İlham Əliyevin sərəncamı ilə 2024-cü il ölkədə “Yaşıl dünya naminə həmrəylik ili” elan edilmişdir. Həm yaşıl enerjinin inkişaf etməsi, həm də dünyaya töhfə vermək məqsədi daşıyan və hər il fərqli bir ölkənin ev sahibliyi etdiyi 29-cu “Tərəflərin Konfransı yəni COP29″un bu il noyabr ayında Bakıda keçirilməsi nəzərdə tutulmuşdur.
COP29-un bir sıra iqlim dəyişikliyi məsələlərini müzakirə etmək və danışıqlar aparmaq üçün dünya liderlərini, hökumət rəsmilərini, alimləri, QHT-ləri və digər maraqlı tərəfləri bir araya gətirən böyük tədbir olacağı gözlənilir. Əminəm ki, ölkəmizdə təşkil olunan digər beynəlxalq tədbirlər, konfranslar kimi COP29 da yüksək səviyyədə təşkil olunacaq və ölkəmizin beynəlxalq arenadakı nüfuzunu daha da artıracaqdır.
Müasir dünyamız “Smart ətraf mühit və yaşıl texnologiya” ətrafında formalaşdığını bildirmişdir. Ekoloji tarazlıq, biomüxtəliflik, yaşıl iqtisadiyyat və texnologiya transferinin düşünülmüş vəhdəti ilə bu gün Ağıllı şəhərlər və Ağıllı ətraf mühit formalaşmağa başlayıb və daha da müasirləşərək inkişaf etməyə davam etmişdir. Beləliklə, 2020-ci ildə “44 Günlük Zəfər Savaşı”ndan sonra öz tarixi torpaqlarına qovuşan Azərbaycan bu layihəni azad olunmuş torpaqlarımızda aparılan yenidən qurma və bərpa işlərində çox məharətlə həyata keçirmişdir.
Bunun müqabilində bu gün təşkil olunan bu beynəlxalq konfransın da yeni imkanlar yaradacağına və fikirlərin bölüşülməsi istiqamətində addımlar atılaraq gələcək layihərə işıq tutacağına əminliyini bildirmişdir.
Plenar iclasdan sonra konfrans öz işini bölmələr üzrə davam etdirmişdir. Bölmələr üzrə davam edən konfransda MAKA-nın çoxsaylı alimləri və doktorantları tərəfindən aktual mövzulara həsr olunmuş məruzələri dinlənilmişdir. Daha sonra məruzəçilərin hər birinə Təşkilat komitəsi rəhbərləri tərəfindən sertifikat təqdim olunmuşdur.
Qeyd edək ki, konfransın materialları “Springer” və “Scopus” beynəlxalq elmmetrik bazalarında yayınlanacaqdır.