Mİllİ Aerokosmİk Agentlİyİndə doktorantura və dİssertanturaya qəbul

1083
0
Share:

 

Nazirlər Kabinetinin 27 mart 2024-cü il tarixli 163s nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin, elmi müəssisə və təşkilatların 2024-cü il üçün doktorant və dissertant hazırlığı üzrə qəbul planları”na əsasən Milli Aerokosmik Agentliyi 2024-cü il üçün aşağıdakı ixtisaslar üzrə doktorantura və dissertanturaya qəbul elan edir.

Qəbul planı:

Fəlsəfə doktoru proqramı üzrə doktoranturaya ali təhsil pilləsinin magistratura səviyyəsini bitirən (magistr dissertasiyasını müdafiə edən), yaxud təhsili ona bərabər tutulan Azərbaycan Respublikasının vətəndaşları müsabiqə əsasında qəbul olunurlar.

Fəlsəfə doktoru proqramı üzrə doktoranturaya qəbul olmaq istəyən şəxslər xarici dildən ali təhsil pilləsinin magistratura səviyyəsi üçün qüvvədə olan tədris proqramları həcmində (rus dili istisna olmaqla, seçim sərbəst və ya ixtisasa uyğun olmalıdır) Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən iyun ayında keçirilən xarici dil imtahanından keçid balını toplamalıdırlar.

Fəlsəfə doktoru proqramı üzrə dissertanturaya ali təhsil pilləsinin magistratura səviyyəsini bitirən (magistr dissertasiyasını müdafiə edən), yaxud təhsili ona bərabər tutulan, müvafiq tədqiqat sahəsində müəyyən müvəffəqiyyətləri olan və əsas iş yeri ali təhsil müəssisəsi, elmi müəssisə və təşkilat olan, dissertant kimi təhkim olunmaq istəyən şəxslər azı iki il elmi və ya elmi-pedaqoji iş stajına malik olmalıdırlar.

Fəlsəfə doktoru proqramı üzrə dissertanturaya qəbul olmaq istəyən şəxslər xarici dildən ali təhsil pilləsinin magistratura səviyyəsi üçün qüvvədə olan tədris proqramları həcmində (rus dili istisna olmaqla, seçim sərbəst və ya ixtisasa uyğun olmalıdır) Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən iyun ayında keçirilən xarici dil imtahanından keçid balını toplamalıdırlar.

Elmlər doktoru proqramı üzrə doktoranturaya seçdikləri sahədə elmi və ya elmi-pedaqoji nailiyyəti olan, fundamental tədqiqatları yüksək səviyyədə aparmağı bacaran və fəlsəfə doktoru (elmlər namizədi) elmi dərəcəsi olan Azərbaycan Respublikasının vətəndaşları qəbul edilirlər.

Dissertantlıq yolu ilə elmlər doktoru elmi dərəcəsi almaq hüququna fəlsəfə doktoru (elmlər namizədi) elmi dərəcəsi olan və əsas iş yeri ali təhsil müəssisəsi, elmi müəssisə və təşkilat olan elmi və elmi-pedaqoji kadrlar malikdir.

Doktoranturaya və dissertanturaya qəbul üçün aşağıdakı sənədlər təqdim edilir:

  • Ərizə (doktoranturanın fəaliyyət göstərdiyi təşkilatın rəhbərinin adına);
  • Kadrların şəxsi qeydiyyat vərəqi (3×4 sm ölçüdə 4 ədəd fotoşəkillə birlikdə);
  • Tərcümeyi-hal;
  • İş yerindən xasiyyətnamə;
  • İş stajı olanlar üçün əmək kitabçasından çıxarış;
  • Çap olunmuş elmi işlərin siyahısı və ya seçilmiş ixtisas üzrə referat;
  • Ali təhsil müəssisəsini bitirmək haqqında diplomun surəti (xarici ölkələrdə təhsil almış  

    Azərbaycan Respublikasının vətəndaşları üçün təhsil haqqında sənədlərin tanınması  

     haqqında şəhadətnamə);

  • xarici dil bilikləri üzrə beynəlxalq sertifikatı olanlara (IELTS, TOEFL, TestDaf, DALF əgər varsa) və ya xarici dildən keçid balını toplayanlara Dövlət İmtahan Mərkəzi tərəfindən verilən təsdiqedici sənəd;
  • Şəxsiyyəti təsdiq edən sənədin surəti;
  • Fəlsəfə doktoru elmi dərəcəsi diplomunun müvafiq qaydada təsdiq edilmiş surəti  

     (elmlər doktoru proqramı üçün)

Fəlsəfə doktoru və elmlər doktoru hazırlığı üzrə doktoranturaya və dissertanturaya sənədlərin qəbulu 16 aprel – 15 may 2024-cü il tarixləri arasında “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi” (TMİS) vasitəsilə elektron qaydada həyata keçiriləcək. Sənəd təqdim etmək istəyən şəxslər Təhsil Nazirliyinin portal.edu.az saytında qeydiyyatdan keçməlidirlər. Portalda qeydiyyatdan keçməyən və “imtahana buraxılış” statusu almayanların adı xarici dil imtahanında iştirak üçün Dövlət imtahan Mərkəzinə göndərilməyəcəkdir. 

Xarici dil imtahanını müvəffəqiyyətlə vermiş şəxslərin fəlsəfə və ixtisas fənləri üzrə qəbul imtahanının keçirilməsi 2024-cü il sentyabr ayında nəzərdə tutulmuşdur.

Az1106, Bakı şəhəri, 8-ci mikrorayon, 3123 məh., S.S Axundov küç.1.

Tel: (012) 562-96-07

https://nasa.az

Share: