Milli Aerokosmik Agentliyində 2024-cü il 04 mart tarixində aparatın struktur bölmələrinin rəhbərləri və tabe təşkilatların məsul əməkdaşlarının iştirakı ilə tədbir keçirildi.
Tədbiri giriş sözü ilə açan Milli Aerokosmik Agentliyin baş direktorunun rejim və təhlükəsizlik üzrə müavini Nazim Əliyev bildirdi ki, şöbə rəisləri tərəfindən idarəçilikdə optimallığın və faydalılıq əmsalının yüksəldilməsi məqsədilə şəffaflıq və hesabatlılıq prinsiplərinin tətbiqinə geniş yer verilməli, tabeçilikdə olan işçilərin üzərinə düşən vəzifələrin nə dərəcədə yerinə yetirilməsinin araşdırılaraq təhlili aparılmalı, idarəçiliyin metodları və əsasları planlaşdırılmalı, eləcə də koordinasiya olunmaqla qiymətləndirilməsi həyata keçirilməlidir.
Nazim Əliyev əlavə etdi ki, təşkilatların idarəolunması ilə əlaqədar təsis edilən vəzifələr direktorlar, onların müavinləri və şöbə rəisləri səlahiyyətli şəxslər hesab olunurlar. Təşkilatların, eləcə də struktur bölmələrinin rəhbərləri xidməti fəaliyyətlə bağlı öhdəliklərini yerinə yetirməklə yanaşı, tabeçiliyində olan işçilərin əmək fəaliyyətinin təhlil edilərək qiymətləndirilməsi, mənəvi-psixoloji vəziyyətinin öyrənilməsi, etik davranış qaydalarının və işgüzar münasibətlərin xüsusi metod və vasitələrdən istifadə etməklə normal şərtlər əsasında qurulması bir funksiya kimi onların vəzifə səlahiyyətlərinə daxil edilmişdir.
Ümumiyyətlə, dövlət müəssisələrində çalışan hər bir işçi əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etməli, iş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmamalı, müvafiq etik prinsipləri və davranış qaydalarını öz fəaliyyətində rəhbər tutmalıdır. Müvafiq vəzifələr üzrə səlahiyyətli şəxslər çalışdığı müəssisənin və dövlətin maraqları naminə öz vəzifə borcunu səmərəli yerinə yetirməyə borcludur və bütün hallarda öz vəzifə və funksiyalarının icrası zamanı vicdanlılıq nümayiş etdirməlidir. Bu prinsip onlardan öz vəzifə borcunu səmərəli yerinə yetirməyi tələb edir. Burada əsas məqsəd işçinin çalışdığı müəssisənin, cəmiyyətin və dövlətin maraqlarının təmin olunmasından ibarətdir. Bununla da, hər bir işçi öz vəzifə və öhdəliklərindən irəli gələn funksiyaları dərk edərək effektiv, səmərəli və vicdanlı şəkildə icra edəcəkdir.
Daha sonra Nazim Əliyev qeyd etdi ki, bu prinsiplər işçilərdən vəzifə kimi müəyyən edilmiş tapşırıqların vacibliyinə əsaslanaraq funksional öhdəliklər üzrə səmərəli və effektiv nəticəyə xidmət edəcək, vəzifə (peşə) borcunu yerinə yetirərkən yüksək mədəniyyət və ehtiram dəyərlərinə sadiq qalaraq öz şəxsində çalışdığı müəssisənin ictimaiyyət üzərində inam və etibarının yaradılmasına gətirib çıxaracaqdır.
Mövzu ətrafında geniş fikir mübadiləsi aparılaraq işçilər arasında idarəçilikdə optimallığın və səmərəliliyin artırılması, eləcə də müxtəlif prinsip, metod və vasitələrdən istifadə etməklə bu sahədə maarifləndirmə işlərinin davamlı olaraq aparılması imkanları müzakirə edildi. Həmçinin informasiya təhlükəsizliyinin qorunması, əməyin mühafizəsi və yanğından mühafizə norma və qaydaları üzrə müvafiq tapşırıqlar verildi.