Milli Aerokosmik Agentliyin aparatında 16 fevral 2024-cü il tarixində aparatın struktur bölmələrinin rəhbərləri və tabe təşkilatların məsul əməkdaşlarının iştirakı ilə tədbir keçirildi.
Tədbiri giriş sözü ilə açan Milli Aerokosmik Agentliyin baş direktorunun rejim və təhlükəsizlik üzrə müavini Nazim Əliyev bildirdi ki, Azərbaycan Respublikası Prezidentinin 4 aprel 2022-ci il tarixli 3199 nömrəli Sərancamı ilə “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın icrası ilə əlaqədar olaraq Milli Aerokosmik Agentliyi üzrə 2024-cü il üçün İş Planı təsdiq edilmişdir.
Həmin Plana əsasən Milli Aerokosmik Agentliyində bir sıra tədbirlər, o cümlədən maarifləndirmə tədbirləri həyata keçirilir.
Daha sonra Nazim Əliyev qeyd etdi ki, Birləşmiş Millətlər Təşkilatının 2004-cü ildə korrupsiya əleyhinə Konvensiyası qəbul olunmuş və həmin Konvensiyaya Azərbaycan Respublikası da qoşularaq təsdiq edilmişdir. Azərbaycan Respublikasında korrupsiya hüquqpozmalarının qarşısının alınması məqsədi ilə böyük tədbirlər həyata keçirilir. Korrupsiya cinayətlərinin qarşısının alınması üçün Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi və Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası yaradılmışdır. Müvafiq Milli Fəaliyyət Planlarına əsasən bu istiqamətdə davamlı olaraq tədbirlər həyata keçirilir.
Milli Aerokosmik Agentliyin baş hüquq məsləhətçisi Səbuhi Abdullayev “Korrupsiya haqqında qanunvericiliyin tələbləri, bilavasitə korrupsiya hüquqpozmaları və vəzifəli şəxslərin korrupsiyaya şərait yaradan hüquqpozmalara dair mövcud normativ-hüquqi aktların tələbləri” haqqında ətraflı məlumat verdi.
Mövzu ətrafında geniş fikir mübadiləsi aparılaraq işçilər arasında korrupsiya hüquqpozmalarına qarşı mübarizə sahəsi üzrə qanunvericilik aktlarının təşviq edilməsi, bu sahədə maarifləndirmə işlərinin davamlı olaraq aparılması imkanları müzakirə edildi.