ŞƏHİD NURLAN RƏFAİL OĞLU ZEYNALOVUN DOĞUM GÜNÜNƏ HƏSR EDİLMİŞ TƏDBİR KEÇİRİLDİ

245
0
Share:

Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin Milli Aerokosmik Agentliyində şəhidlik zirvəsinə ucalmış əməkdaşların doğum və anım gününün qeyd olunması bir ənənə halını almışdır. Bu gün də MAKA-nın Ekologiya İnstitunun əməkdaşı olmuş, Azərbaycan Ordusunun leytnantı Nurlan Rəfail oğlu Zeynalovun doğum gününə həsr olunmuş təntənəli tədbir keçirildi. 

Tədbirdə MAKA-nın baş direktoru, professor Natiq Cavadov, qazi əməkdaşlar, müharibə iştirakçıları, şəhidin ailəsi və doğmaları iştirak edirdi. Tədbir iştirakçıları öncə şəhidlərin xatirəsinə ucaldılmış abidə önünə gül dəstələri düzdü, şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad etdi, ruhuna dualar oxudu.

MAKA-nın baş direktoru Natiq Cavadov çıxışında Azərbaycan Ordusunun qüdrətindən, şəhidlərimizin döyüşdə göstərdiyi qəhrəmanlıqlardan, tarix yazan qəhrəman oğullarımızın öz həyatları bahasına torpaqlarımızın düşmən işğalçılarından azad etmələrindən söz açdı. 

Ekologiya İnstitunun direktoru, professor  Bəhram Əliyev şəhid Nurlan Zeynalovun səmimi, məsuliyyətli, işgüzar bir işçi olduğundan və onunla bağlı xatirələrdən danışdı.

Elmi-Tədqiqat Aerokosmik İnformatika İnstitunun direktoru, professor Elçin İsgəndərzadə çıxışında şəhidlə bağlı qələmə aldığı “Ölümsüz ömür dastanı” adlı kitabından parçaları iştirakçıların diqqətinə çatdırdı.  

Şəhidin atası Rəfail Zeynalov bu gün şəhid oğlunun ad günündə göstərilən diqqət və qayğıya görə Milli Aerokosmik Agentliyinin rəhbərliyinə və kollektivinə öz adından və yaxınları adından təşəkkürünü bildirdi.

Qeyd edək ki, Nurlan Zeynalov Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda mərdlik və igidlik göstərdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən ölümündən sonra “Vətən uğrunda”, “İgidliyə görə”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” medallarla və “Rəşadət” ordeni ilə təltif olunmuşdur. 

Sonda isə Nurlan Zeynalovun həyatına aid hazırlanmış videoçarx kollektivə təqdim edildi.



Share: