Unudulmaz Qarakənd faciəsinin 32-ci il dönümü ilə əlaqədar Müdafiə Sənayesi Nazirliyinin Milli Aerokosmik Agentliyinin baş direktoru, professor Natiq Cavadov və çoxsaylı əməkdaşlar tərəfindən Fəxri Xiyabanda Tofiq İsmayılovun məzarı ziyarət olunaraq, üzərinə əklil və gül dəstələri qoyuldu.
Professor Natiq Cavadov qeyd etdi ki, 32 il öncə Xocavənd rayonunun Qarakənd kəndi üzərində göyərtəsində Azərbaycanın siyasi elitasının olduğu “Mİ-8” hərbi vertolyotu ermənilər tərəfindən vurulmuşdur. Bu, müstəqilliyini yenicə qazanmış Azərbaycana qarşı ermənilərin məkrli şəkildə hazırladıqları terror aktının tərkib hissəsi idi. Dəhşətli faciədə həlak olan 22 nəfərin arasında dövlət katibi, Milli Aerokosmik Agentliyinin yaradıcısı, akademik Tofiq İsmayılov da var idi.
Professor çıxışında akademik Tofiq İsmayılovun Azərbaycan Milli Aerokosmik Agentliyinin yaradılmasında əvəzsiz xidmətindən söhbət açdı. Sonda faciədə həlak olmuş şəhidlərin ruhuna dualar oxundu.