Sabirabad şəhərində 44 günlük Vətən müharibəsində şəhid olmuş qəhrəman oğullarımızdan biri – Zeynaalov Nurlan Rəfael oğlunun anım günü keçirilib.
Anım mərasimində Milli Aerokosmik Agentliyin əməkdaşları, Sabirabad Rayon İcra Hakimiyyətinin nümayəndələri, şəhid ailələri, qazilər, şəhidin həyat yoldaşı, şəhidin doğmaları və yaxınları iştirak ediblər.
Mərasim çərçivəsində Milli Aerokosmik Agentliyi Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə şəhidin məzarı ziyarət edilib, önünə əklil və gül dəstələri düzülərək xatirəsi böyük ehtiramla yad olunub.
Tədbirdə çıxış edən Milli Aerokosmik Agentliyi Həmkarlar İttifaqı Təşkilatının sədri Şirin Məmmədov bildirdi ki, şəhid adı müqəddəsdir, şəhidlik zirvəsi ən uca, ən ali zirvədir. Torpaq əgər uğrunda ölən varsa, Vətəndir! Diqqətə çatdırılıb ki, şəhidlik zirvəsinə ucalanların xatirəsi hər birimizin qəlbində yaşayır və həmişə yaşayacaqdır.
MAKA-nın əməkdaşı Mahir İmaməliyev şəhid Nurlan Zeynalova həsr etdiyi şeri oxudu, MAKA-nın Ekologiya İnstitunun əməkdaşı Bəhrəmzadə Günay şəhidlə bağlı xatirələrin danışdı, məktəbli uşaqlar şəhidlər haqqında şerlər səsləndirdilər.
Mərasim iştirakçıları Allahdan bütün şəhidlərimizə rəhmət, qazilərimizə can sağlığı diləmiş, şəhidlərimizin ruhlarına dualar oxumuşlar.
Şəhid Nurlan Zeynalovun valideynləri şəhid ailələrinə göstərilən diqqət və qayğı görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, Nurlan Zeynalov ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə Rəşadət ordeni və “Vətən uğrunda”, “İgidliyə görə”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.
Previous
Next