“Müdafİə sənayesİ üzrə İxtİsaslı kadr hazırlığı: radİoelektron, aerokosmİk sİstemlər və robotlar” mövzusunda II respublika elmİ-texnİkİ konfransı keçİrİlİr
Azərbaycan Texniki Universitetində (AzTU) ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunan “Müdafiə sənayesi üzrə ixtisaslı kadr hazırlığı: radioelektron, aerokosmik sistemlər və robotlar” mövzusunda II respublika elmi-texniki konfransı işinə başlayıb.
Elm və Təhsil Nazirliyi, Müdafiə Sənayesi Nazirliyi, AzTU və Milli Aerokosmik Agentliyinin birgə təşkilatçılığı ilə keçirilən konfransda əvvəlcə universitetin foyesində Ulu Öndərin büstünün qarşısına gül dəstələri düzülüb. Daha sonra Azərbaycanın Dövlət Himni səsləndirilib.
Konfrans iştirakçılarını salamlayan rektor Vilayət Vəliyev bildirib ki, AzTU regionda müdafiə sənayesi üzrə ixtisaslı kadr hazırlayan ilk və yeganə universitetdir. Mütəxəssislər universitetin Xüsusi texnika və texnologiya fakültəsində hazırlanır. Rektor deyib ki, belə konfransların keçirilməsi gənc mühəndislərin elmi-tədqiqat işlərinin təkmilləşdirilməsi, mövzuların əhatəliliyi baxımından mühüm əhəmiyyət kəsb edir. Rektor bu mövzuda konfransların mütəmadi, eyni zamanda növbəti illərdə beynəlxalq konfrans statusunda keçirilməsinin əhəmiyyətindən də danışıb.
Daha sonra çıxış edən müdafiə sənayesi nazirinin müavini Mehman Baxışov AzTU ilə əməkdaşlıq əlaqələrinin perspektivləri barədə danışıb. Bildirib ki, tələbələrin ixtisaslı kadr kimi hazırlanması təkcə universitet auditoriyalarında deyil, həm də nazirliyin tabeliyində olan müəssisələrdə aparılır. Müasir dövrün ixtisaslarından olan radioelektron, aerokosmik sistemlər və robotlar sahəsində yerli mütəxəssislərin hazırlanması əsas hədəflərdən biridir.
Azərbaycan Milli Müdafiə Universitetinin rektoru, general-leytenant Heydər Piriyev Ulu Öndərin 100 illiyinə həsr olunan konfransda müzakirə olunacaq mövzuların əhəmiyyətindən danışıb. Rektor ümummilli lider Heydər Əliyevin müdafiə sənayesi üzrə kadr hazırlığını hər zaman diqqətdə saxladığını vurğulayıb. Bildirib ki, müdafiə sənayesi üzrə ixtisaslı kadr hazırlığında Azərbaycan Milli Müdafiə Universiteti AzTU ilə əməkdaşlığı inkişaf etdirəcək.
Daha sonra çıxış edənlər “ASELSAN Bakı” şirkətinin baş direktoru Özgür Kürüm, Milli Aerokosmik Agentliyinin baş direktoru professor Natiq Cavadov, müdafiə sənayesi nazirinin müşaviri Rövşən Əhmədov da konfransın gənc mütəxəssislər və tədqiqatçılar üçün əhəmiyyətindən danışıblar.
Bölmə iclasları ilə davam edən konfras işini iyunun 23-də yekunlaşdıracaq.
Previous
Next