BİRLƏŞMİŞ ELMİ-TEXNİKİ ŞURANIN İCLASI KEÇİRİLMİŞDİR
20 iyun 2023-cü il tarixində Milli Aerokosmik Agentliyi Birləşmiş Elmi-Texniki Şurasının Akademik Tofiq İsmayılovun 90 illik yubileyinə həsr olunmuş xüsusi iclası keçirilmişdir.
İclası giriş sözü ilə açan MAKA-nın baş direktoru, professor Natiq Cavadov iştirakçıları və qonaqları salamlayaraq, tədbiri açıq elan etdi. Daha sonra görkəmli alim, dövlət xadimi Tofiq İsmayılovun əziz xatirəsi dərin ehtiramla yad edildi.
Akademik Tofiq İsmayılovun 90 illik yubileyi ilə əlaqədar keçirilmiş Birləşmiş Elmi-Texniki Şuranın genişləndirilmiş iclasına dəvət olunan Fəxri qonaqların siyahısında Müdafiə Sənayesi Nazirinin müşaviri, baş konstruktor Rövşən Əhmədov, Müdafiə Sənayesi Nazirliyinin Müdafiə təyinatlı məmulatların yaradılması və elmi araşdırmalar şöbəsinin müdiri Məmmədsaleh Əliyev, Müdafiə Sənayesi Nazirliyinin Müdafiə təyinatlı məmulatların yaradılması və elmi araşdırmalar şöbəsinin müdir müavini Elçin Qasımov dəvət olunmuşdular.
MAKA-nın baş direktorunun 1-ci müavini, texnika elmləri doktoru, professor Tofiq Süleymanov öz çıxışında kosmik elm və texnologiyaların Azərbaycan elm mühitində formalaşmasında və mükəmməlləşməsində əvəzedilməz xidmətləri olan nüfuzlu təşkilatçı, çoxşaxəli fəaliyyəti ilə gənclərə, adi zəhmətkeşlərə nümunə nümayiş etdirən ziyalı, həyatını əməyə, inkişafa, yaradıcılığa yüksək qiymət verməklə zənginləşdirən ictimai xadim, keçmiş Sovetlər Birliyi məkanında və dünyanın bir sıra mötəbər elmi dairələrində respublikamızı ləyaqətlə təmsil edən alim, texnika elmləri doktoru, professor, Beynəlxalq Mühəndislik Akademiyasının həqiqi üzvü Tofiq Kazım oğlu İsmayılov haqqında geniş söz açdı.
Yasamal rayonu Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru, tarix üzrə fəlsəfə doktoru, Fəxri Mədəniyyət işçisi, dövlət qulluğuna fərqlənmə medalı laureatı Lətifə Məmmədova çıxış edərək akademik Tofiq İsmayılov haqqında öz xatirələrini tədbir iştirakçıları ilə bölüşdü.
Tofiq İsmayılovun xatirəsinə həsr olunmuş “ Əlvida söyləmədin” kitabının müəllifi, yazıçı-publisist, şair Sevinc Ağa Xəlilqızı kitabın necə ərsəyə gəlməsindən söz açdı.
Sonra isə MAKA-nın doktorantura və dissertantura üzrə baş mütəxəssisi, texnika üzrə fəlsəfə doktoru Amidə Əliyeva cari il ərzində doktoranturaya sənəd qəbulu haqqında ətraflı məlumat verdi.
İclasın cari məsələlər hissəsində “Xüsusi Texnika və Texnologiya” jurnalına məsul katib kimi fizika üzrə fəlsəfə doktoru Ceyran Sultanovanın namizədliyi təsdiqləndi. MAKA-da hazırlanmış monoqrafiya və kitabların dərc olunması və rəyçilərin təyin olunması məsələsinə baxılmışdır və MAKA-nın baş direktoru professor Natiq Cavadov tərəfindən təkliflər səsə qoyuldu və yekdilliklə qəbul olundu.
Sonda MAKA-nın baş direktoru, professor Natiq Cavadov tədbir iştirakçılarına və qonaqlara öz təşəkkürünü bildirərək, qarşıya qoyulan məsələlərin uğurla həyata keçirilməsi üçün öz tapşırıq və tövsiyələrini verdi.