SU EHTİYATLARINDAN SƏMƏRƏLİ İSTİFADƏ OLUNMALIDIR

1257
0
Share:

Milli Aerokosmik Agentliyinin Ekologiya institutunun direktoru professor Bəhram Əlıyevin “Respublika” qəzetində “Su ehtiyatlarından səmərəli istifadə olunmalıdır” başlıqlı məqaləsi dərc olunub.



Bu gün dünyanın qarşısında duran ən vacib məsələlərdən biri ərzaq təhlükəsizliyidir. Bu problemin həlli istiqamətində tədbirlər planı Birləşmiş Millətlər Təşkilatının (BMT) minillik proqramı çərçivəsində həyata keçirilir. Azərbaycan Respublikası da 2005-ci ildən BMT-nin minillik proqramına qoşularaq üzvlük haqqı ödəməklə öhdəliklər götürmüşdür.
Sürətlə artan dünya əhalisinin qidaya olan ehtiyacını ödəmək üçün 2050-ci ilə qədər 2 dəfədən artıq qida məhsulları istehsal olunmalıdır. Buna görə də bütün dünyada torpaq və su ehtiyatlarından davamlı istifadə üçün tədbirlər planı hazırlanır. Dünya əhalisinin üçdəbiri su çatışmazlığı olan arid və semiarid ərazilərdə yaşayır. Məlumdur ki, kənd təsərrüfatı bitkilərinin becərilməsi yalnız şirin suların hesabına həyata keçirilir. Dünya alimlərinin məlumatlarına görə, dünyanın su ehtiyatlarının yalnız 3 faizini şirin, 97 faizini isə duzlu sular təşkil edir. Göründüyü kimi, tərkib baxımından su ehtiyatlarının miqdarı arasında kəskin fərq vardır. Mövcud su çatışmazlığı problemi, yəni şirin suyun miqdarının az olması və onun Azərbaycanda da bərabər paylanmaması kənd təsərrüfatı sisteminin inkişafına mənfi təsir göstərir.
Ölkənin şirin su ehtiyatlarının azlığı, son illərdə qlobal iqlim dəyişikliyi və orta temperaturun yüksəlməsi, əsasən qonşu ölkələrdən daxil olan yerüstü su ehtiyatlarının, çaylarda sululuğun və yağıntıların xeyli azalması müşahidə edilməkdədir. Digər tərəfdən, əhalinin sürətli artımı, həyat standartlarının yüksəlməsi, ölkə iqtisadiyyatının, o cümlədən kənd təsərrüfatının inkişafı, əkin sahələrinin, suvarma və içməli su təchizatı şəbəkələrinin genişləndirilməsi nəticəsində suya tələbatın artması respublikanın su təhlükəsizliyinin təmin edilməsi istiqamətində təxirəsalınmaz tədbirlərin həyata keçirilməsini şərtləndirir.
Yuxarıda qeyd olunan bu məsələlər Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 15 aprel tarixli “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi ilə bağlı tədbirlər haqqında” sərəncamında öz əksini tapmışdır. Bundan başqa, Azərbaycan Respublikası Prezidentinin “Dəniz suyunun duzsuzlaşdırılması yolu ilə içməli su istehsalı sahəsində pilot layihənin həyata keçirilməsi tədbirləri” haqqında qərarı da bu problemlərin aktuallığını bir daha özündə əks etdirir. Milli Aerokosmik Agentliyi Ekologiya İnstitutunda məsafədən zondlama verilənlərindən və CİS texnologiyasından istifadə etməklə su ehtiyatlarının qiymətləndirilməsi və onlardan səmərəli istifadənin təmin edilməsi istiqamətində alim və mütəxəssislərin apardığı tədqiqat işlərinin elmi əhəmiyyəti yüksəkdir.
Oxucularımıza məlumat üçün bildirək ki, Azərbaycan Respublikasının ərazisində formalaşan su ehtiyatlarının il ərzində ümumi həcmi 32,3 milyard kubmetr təşkil edir. Cənubi Qafqaz ərazisində formalaşan su resurslarının yalnız 14 faizi Azərbaycana məxsusdur. Su ehtiyatlarının təqribən 67-70%-i (19.0 – 20.5 kubkilometr) transsərhəd çaylarında, yerdə qalanı isə (9.5 – 10 kubkilometr) əsasən daxili çaylarda formalaşır. Quraqlıq illərində su ehtiyatları 27.0 – 22.6 kubkilometrə düşür. Müvafiq olaraq, bu suların 17.1 – 14.3 kubkilometri transsərhəd çaylarına aiddir. Adambaşına il ərzində 1.5 min kubmetr su düşür.
Birbaşa Xəzər dənizinə axan çayların illik su ehtiyatı (Samur çayı istisna olmaqla) 2.2 – 2.5 kubkilometrdir, bunun 1.0 – 1.1 kubkilometri Böyük Qafqaz dağlarının şimal-qərb yamacından axan çaylara, 1.2 – 1.4 kubkilometri isə Lənkəran regionunun çaylarına aiddir. Kür hövzəsinin daxili çaylarının su ehtiyatı 7.5 – 7.8 kubkilometrdir. Kür-Araz çaylarının su ehtiyatı qonşu ölkələrin ərazisində sugötürücü qurğularla mənimsənilmə nəticəsində 20%-ə qədər azaldılır. Bu da ölkədə su çatışmazlığının artmasına gətirib çıxarır (ildə təqribən 4-6 kubkilometrdir) və Azərbaycanda su tələbatının ödənməsində çətinlik yaradır.
Regionlar üzrə yerüstü su ehtiyatları:
Məlumat üçün bildirək ki, Azərbaycanda ümumi su ehtiyatı regionlar arasında aşağıdakı kimi paylanır:
Qazax-Gəncə – 1.40 – 1.50 kubkilometr;
Kür çayının sağ qolları (Gəncəçaydan aşağıya doğru) – 1.10 – 1.16 kubkilometr;
Şəki-Zaqatala regionu – 1.41 – 1.51 kubkilometr;
Şirvan – 1.60 – 1.70 kubkilometr;
Naxçıvan – 0.85 – 1.00 kubkilometr;
Azərbaycan Respublikası daxilində Araz çayının aşağı axarından ayrılan qollar – 1,05 – 1.15 kubkilometr;
Quba-Xaçmaz regionu – 1.30 – 1.40 kubkilometr;
Lənkəran – 1.25 – 1.40 kubkilometr.
Statistik məlumatlara əsasən Azərbaycan az su ehtiyatına malik olan ölkələr sırasına daxildir. Eyni zamanda, əhalinin sürətlə artımı bu prosesi daha da çətinləşdirir.
Bu proqramda Azərbaycanın torpaq və
su resurslarından kompleks şəkildə istifadə məsələsi gündəmin ən aktual məsələsi olaraq öz əksini tapmışdır. Qeyd etmək lazımdır ki, Azərbaycanda yetişdirilən kənd təsərrüfatı məhsullarının 85 %-i suvarılan torpaqların payına düşür. Azərbaycanda suvarılan torpaqların ümumi sahəsi 1 milyon 420 min hektardır. Onun 96%-i yerüstü suvarma, yalnız 4%-i isə suya qənaət edən suvarma texnikaları təşkil edir. Bunun nəticəsi olaraq böyük su itkiləri baş verir ki, bu da gələcəkdə su ehtiyatlarının azalmasına səbəb olacaq əsas faktorlardan biridir.
Su çatışmazlığının qarşısını almaq üçün aşağıdakı təkliflər irəli sürülür:
1. Çaylar və göllərin üzvi və qeyri-üzvi çirklənmələrdən (bələdiyyələr və sənaye müəssisələri tərəfindən) təmizlənməsi;
2. Səmərəli suvarma üsulları və texnologiyalarının tətbiqi aşağıdakı qaydada olmalıdır: Damcılama üsulu, mikroçiləyici sistemlər, aerozol üsulu, ineksiya üsulu, yağış yağdırma üsulu;
3. Havanın temperaturunun 3-4 0C-yə qədər artacağına dair proqnozları nəzərə alaraq, qarşıdan gələn 50 il ərzində həm axar, həm də qrunt (yeraltı) sularının qidalanmasında 15% azalma ehtimalını nəzərə alaraq təbii su mənbələrinin inteqrasiyalı idarə edilməsini (səmərəliliyi və davamlılığı) artırmaq;
4. Yağıntılardan səmərəli istifadə: Yağıntı mövsümü zamanı süni sututarların yaradılması, dağ çaylarının tənzimlənməsi (sel və daşqın zamanı);
5. Kollektor-drenaj sularının təmizlənərək, şirin su qatmaqla yenidən dövriyyəyə verilməsi;
6. Suvarma infrastrukturunun təkmilləşdirilməsi: qapalı suvarma sistemlərinin geniş tətbiqi, tikiləcək su anbarlarının dəmir-beton əsaslı tikilməsi.
Daha sonra isə hövzə prinsipinin tətbiqi, yeraltı su hövzələrinin potensialının nəzərə alınması, meşəmeliorativ tədbirlərin aparılması, tullantı sularının təmizlənməsi və kanalizasiya sistemlərinin təkmilləşdirilməsi, bu sahələrə kapital qoyuluşlarının artırılması məsələsi də nəzarətdə saxlanılmalıdır.
Ekoloji axıma nəzarət, su anbarlarından çoxməqsədli prinsiplər əsasında istifadənin inkişaf etdirilməsi, su elektrik stansiyalarının tikilməsi zamanı ekoloji aspektlərin və digər ehtiyacların nəzərə alınması da vacibdir.
Xəzər dənizinin suyunun şirinləşdirilməsi, çay hövzəsi (sutoplayıcı) sahələri və su infrastrukturu ilə əlaqədar Coğrafi İnformasiya Sistemi (CIS) məlumatların hazırlanması, sudan istifadəçilərin maarifləndirilməsi (fermerlər, əhali və sahibkarlar), su sektorunda təhsilə və yeni texnologiyaların tətbiqinə kapital qoyuluşu vasitəsilə suya qənaətin təbliğ edilməsi məsələləri də unudulmamalıdır.
Bu prinsiplərlə yanaşı, çoxillik təcrübələrə əsaslanaraq qeyd etmək lazımdır ki, su ehtiyatlarından səmərəli istifadə etdikdə, bu zaman suya 2-2,5 dəfə qənaət edilər, eyni zamanda, kənd təsərrüfatında məhsuldarlığın 1-1,5 dəfə artmasına səbəb olar.
Ölkə Prezidentinin müvafiq sərəncamlarına əsaslanaraq hazırladığımız “Su ehtiyatlarından səmərəli istifadə etmə yolları” haqqında konseptual təkliflərin müzakirə olunmasına, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 15 aprel tarixli 1986 nömrəli Sərəncamı ilə yaradılmış “Ölkə ərazisində su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi, su təsərrüfatının idarə olunmasının təkmilləşdirilməsi və bu sahədə fəaliyyətin əlaqələndirilməsi məqsədilə yaradılmış Komissiya”da baxılmasına böyük ehtiyac duyulur.
Bəhram ƏLİYEV,
Müdafiə Sənayesi Nazirliyinin tabeliyində olan
Milli Aerokosmik Agentliyinin Ekologiya İnstitutunun
direktoru, texnika elmlər doktoru,
professor.
Share: