28 aprel 2023-cü il tarixində Müdafiə Sənayesi Nazirliyinin Milli Aerokosmik Agentliyi əməkdaşlarının və Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının nümayəndələrinin iştirakı ilə Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilmişdir. Tədbirdən öncə Ulu öndər Heydər Əliyevin MAKA-nın inzibati binasında yerləşən büstü ziyarət edilmiş, önünə gül dəstələri düzülmüşdür. Tədbirin əvvəlində dahi şəxsiyyət Heydər Əliyevin və Vətən uğrunda canından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Tədbiri giriş sözü ilə açan MAKA-nın baş direktoru, professor Natiq Cavadov tədbir iştirakçılarını və fəxri qonaqları salamlayaraq öz çıxışında ulu öndərin dövlətimizin yüksəlişi və rifahı üçün gördüyü işlərdən geniş söz açmış, daha sonra isə ölkəmizin uğurlu gələcəyi naminə təməlini qoyduğu inkişaf strategiyasını Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin respublikaya rəhbərlik etdiyi elə ilk aylardan uğurla davam etdirdiyindən danışmışdır. Sonra isə Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının prezidenti prof. Dr. Hayrettin İvgin çıxış edərək Türkiyə Azərbaycan əlaqələrinin qədim tarixdən başlayaraq bu günədək qorunub saxlandığını və gün keçdikcə daha da möhkəmləndiyini vurğulamışdır. Tədbirin davamında MAKA-nın rəhbər əməkdaşları və digər fəxri qonaqlar da çıxış etmişlər. Sonda MAKA-nın baş direktoru, professor Natiq Cavadov Milli Aerokosmik Agentliyi adından Akademiyanın prezidenti prof. Dr. Hayrettin İvginə Təşəkkürnamə təqdim edərək kollektiv adından öz minnətdarlığını bildirmiş və belə görüşlərin mütəmadi təşkil olunmasının önəmli olduğunu vurğulamışdır.