01 mart 2023-cü il tarixində Ekologiya İnstitutunun Elmi-Texniki Şurasının iclasındaMAKA-nın doktorantı Ələkbərzadə Qənirə İlqar qızının “Bismut və qurğuşun telluridləri əsasında yeni funksional materialların alınması və fiziki-kimyəvi tədqiqi” mövzusunda “2307.01 – fiziki kimya” ixtisası üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim olunmuş dissertasiya işinin ilkin müzakirəsi keçirildi. İlkin müzakirəyə Ekologiya İnstitutunun direktoru texnika elmləri doktoru, professor Bəhram Əliyev sədrlik etmişdir. Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun, Bakı Mühəndislik Universitetinin əməkdaşları da ilkin müzakirədə iştirak etmişdirlər.
Dissertasiya işinin məqsədi tərkibində nadir torpaq elementləri (NTE) saxlayan yeni çoxkomponentli, o cümlədən fazalar əmələ gəlməsi gözlənilən Tl-Pb-Bv-Ln-Te (Bv-Sb, Bi; Ln-Sm, Tb) tipli sistemlərin bəzi qatılıq müstəviləri üzrə faza tarazlıqları xarakterinin müəyyən edilməsi, faza diaqramlarının riyazi modelləşdirilməsi və termodinamik analizi olmuşdur.
İclasda iddiaçının çıxışı, rəyçilərin rəyləri dinlənildi, mövzu ilə bağlı suallar verildi. Müzakirələrdən sonra səsvermə yolu ilə qərara alındı ki, Qənirə Ələkbərzadənin “Bismut və qurğuşun telluridləri əsasında yeni funksional materialların alınması və fiziki-kimyəvi tədqiqi” mövzusunda dissertasiya işi tamamlanmış elmi-tədqiqat işidir, “2307.01 – fiziki kimya” ixtisasına tam uyğundur, Azərbaycan Respublikasının Prezidenti yanında AAK-nın “Elmi dərəcələr verilməsi qaydası haqqında Əsasnamə”sinin 3.1 bəndinin tələblərinə cavab verir və dissertasiya işi Dissertasiya Şurasına təqdim oluna bilər.