AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi ilə Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin Milli Aerokosmik Agentliyinin Elmi Tədqiqat Aerokosmik İnstitutu arasında ikitərəfli əməkdaşlığın genişləndirilməsi məqsədi ilə hər iki qurumun nümayəndələri arasında növbəti görüş keçirilib.
Görüşdə AMEA nəzdində RSXM-nin “Geodinamika” şöbəsinin müdiri, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru, dosent İlyas Kazımov və “Beynəlxalq əlaqələr” şöbəsinin müdiri Telman Cəfərov, Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin Milli Aerokosmik Agentliyinin Elmi-Tədqiqat Aerokosmik İnformatika İnstitutunun direktoru, texnika elmlər doktoru, professor Elçin İsgəndərzadə və İnstitutun elmi işlər üzrə direktor müavini, c.e.ü.f.d. Rövşən Ramazanov, “Coğrafi informasiya sistemləri texnologiyaları” şöbəsinin rəisi İlahə Həsənova, “İnnovasiya texnologiyaları və aerokosmik informasiya sistemləri” şöbəsinin rəisi Şanə Cahidzadə və “Alternativ energetika” şöbəsinin rəis müavini Rüfanə Tağıyeva iştirak ediblər.
Görüşdə RSXM və ETAİİ arasında əməkdaşlığın genişləndirilməsi, tərəflər arasında təcrübə mübadiləsinin aparılması, gələcəkdə İnSAR (interferometrik sintetik diyafram radarı) və GPS məlumatları sahəsində əməkdaşlıq, eləcə də birgə layihələrdə iştirak kimi məsələlər müzakirə olunub.