Yanvarın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib.
Prezident İlham Əliyev: Azərbaycanda yerli hərbi sənayenin yeni dövrü başlayır. Eyni zamanda, bu, ixracyönümlü sənaye olacaqdır. Çünki birincisi, biz, ilk növbədə, öz tələbatımızı maksimum təmin etməliyik. Əminəm ki, nəzərdə tutulan müəssisələrin bir neçəsi artıq bu il istehsala başlayacaq. Digər tərəfdən, biz hazırda 30-dan çox ölkəyə hərbi təyinatlı məhsul satırıq. Dünya silah bazarında boşluq yaranıb. Çünki Rusiya faktiki olaraq dünya silah bazarından çıxıb. İndi Rusiyanın hərbi sənayesi öz daxili tələbatı üçün işləyir. Amerika faktiki olaraq istehsal etdiyi hərbi təyinatlı məhsulları Ukraynaya yönəldib, Avropa ölkələri də həmçinin. Digər tanınmış oyunçular bu bazarı faktiki olaraq buraxıblar, yəni, bu bazar boş qalır. Amma buna böyük ehtiyac var. Ona görə biz bu bazarı doldurmalıyıq. Mən hesab edirəm ki, biz yüz milyonlarla dollar səviyyəsində hərbi təyinatlı məhsulların ixracatçısı ola bilərik. Yəni, hər halda, bunu biz hədəfləmişik və buna doğru gedəcəyik.