Oktyabrın 26-da Azərbaycan Respublikasının müdafiə sənayesi naziri Mədət Quliyev Türkiyədə keçirilən “Saha Expo-2022” Müdafiə və Aerokosmik sərgisi çərçivəsində Pakistan İslam Respublikasının Müdafiə İstehsalı üzrə federal naziri Məhəmməd İsrar Tarin ilə görüşüb.
Görüş zamanı hər iki nazir Azərbaycan – Pakistan Hökumətlərarası Birgə Komissiyasının həmsədrləri olaraq iqtisadiyyatın müxtəlif sahələrində əməkdaşlığın inkişafı üçün səylərin artırılacağını bildiriblər.
Daha sonra qarşılıqlı hərbi-texniki əməkdaşlığın perspektivləri müzakirə olunub və digər maraq doğuran məsələlər haqda geniş fikir mübadiləsi aparılıb.
Tərəflər faydalı müzakirələrin baş tutduğu görüşün əhəmiyyətini yüksək qiymətləndiriblər.
Xatırladaq ki, oktyabrın 25-dən 28-dək İstanbulda təşkil edilən “Saha Expo-2022” Müdafiə və Aerokosmik sərgisinə 25-dən çox ölkədən 1000-ə yaxın yerli və xarici şirkətlər qatılıb.