Oktyabrın 19-da AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) Monitorinq Mərkəzində Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin Milli Aerokosmik Agentliyinin (MAKA) baş direktoru, texnika elmləri doktoru, professor Natiq Cavadovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
Seysmoloji Mərkəzin baş direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli əvvəlcə qonaqları mərkəzdə aparılan kompleks seysmoloji, geofiziki, geodinamiki və geokimyəvi tədqiqatlar haqqında məlumatlandırıb. Hazırda mərkəzin respublika ərazisində 84 seysmik stansiyasının fəaliyyət göstərdiyini bildirən baş direktor deyib ki, bu stansiyalar vasitəsi ilə təkcə zəlzələləri deyil, vulkan püskürmələrini və yeraltı partlayışları da izləmək mümkündür.
Q.Yetirmişli, həmçinin mərkəzin xarici tərəfdaşları ilə həyata keçirdiyi birgə layihələr haqqında da ətraflı məlumat verib. Milli Aerokosmik Agentlik və RSXM arasında ikitərəfli əməkdaşlığın qurulmasının və birgə tədqiqatların aparılmasının beynəlxalq və yerli layihələrdə iştirak etmək baxımından əhəmiyyətli olduğunu qeyd edən baş direktor birgə əməkdaşlığın Azərbaycan elminin inkişafı baxımından da əhəmiyyətli olduğunu söyləyib.
Milli Aerokosmik Agentliyin baş direktoru, texnika elmləri doktoru, professor Natiq Cavadov isə bildirib ki, Seysmoloji Mərkəzin fəaliyyətini yaxından izləyirlər və iki qurum arasında əlaqələrin qurulması elmi tədqiqatların əhatəsinin genişlənməsinə və daha səmərəli nəticələr əldə olunmasına gətirib çıxara bilər.
Müzakirələrin nəticəsi olaraq tərəflər ikitərəfli Anlaşma Memorandumunun bağlanması haqqında razılığa gəliblər.
Daha sonra RSXM-nin Zəlzələ ocaqlarının dinamikası şöbəsinin müdiri, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru, dosent Səbinə Kazımova mərkəzdə aparılan kompleks tədqiqatlar və onun nəticələri, Böyük Britaniyanın Oksford Universiteti ilə RSXM-nin birgə apardığı tədqiqatlar, eləcə də respublika ərazisində palçıq vulkanlarının tədqiqatı sahəsində yeni başlanmış işlərə dair geniş təqdimatla çıxış edib.
MAKA-nın baş direktorunun birinci müavini, texnika elmləri doktoru, professor Tofiq Süleymanov isə çıxışında Seysmoloji Mərkəzdə aparılan işləri yüksək qiymətləndirib. Həmçinin o, Milli Aerokosmik Agentlik və RSXM arasında ikitərəfli əlaqələrin qurulması ilə bağlı bir neçə istiqamətdə təkliflər irəli sürüb.
Daha sonra qarşılıqlı olaraq sual doğuran məqamlara aydınlıq gətirilib.
Qeyd edək ki, görüşdə MAKA-nın baş direktorunun birinci müavini, texnika elmləri doktoru, professor Tofiq Süleymanov, baş direktorun müavini, texnika elmləri doktoru Fuad Məmmədov, MAKA-nın Təbii Ehtiyatların Kosmik Tədqiqi İnstitutunun direktoru, texnika elmləri doktoru, professor Fəxrəddin Ağayev, MAKA-nın Aerokosmik İnformatika İnstitutunun direktoru, texnika elmləri doktoru, professor Elçin İsgəndərzadə, MAKA-nın Ekologiya İnstitutunun direktoru, texnika elmləri doktoru, professor Bəhram Əliyev, MAKA-nın Kosmik Cihazqayırma Məxsusi Konstruktor Bürosunun direktoru texnika elmləri namizədi Namiq Muradov, AMEA nəzdində RSXM-nin icraçı direktoru, texnika üzrə fəlsəfə doktoru, dosent Rauf Muradov, mərkəzin şöbə müdirləri, dosentlər Azay Rzayev, İlyas Kazımov, Etibar Qaravəliyev, yer elmləri üzrə fəlsəfə doktoru Səidə İsmayılova, Telman Cəfərov, Vüsalə Rafiqqızı və büro rəisinin müavini Ruqiyyə Kərimova iştirak ediblər.