04 oktyabr 2022-ci il tarixdə Müdafiə Sənayesi Nazirliyinin Milli Aerokosmik Agentliyi və Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Respublika Elmi-Texniki Kitabxanasının təşkilatçılığı ilə “Aerokosmik informatika, ekoloji monitorinq və Yerin kosmosdan tədqiqi sahəsində Müdafiə Sənayesi Nazirliyi Milli Aerokosmik Agentliyinin rolu” mövzusunda dəyirmi masa keçirilmişdir.
Tədbir iştirakçıları əvvəlcə Milli Aerokosmik Agentliyinin inzibati ərazisində Vətən müharibəsində şəhid olmuş MAKA əməkdaşlarının xatirəsinin əbədiləşdirilməsinə həsr edilmiş Şəhidlər Memorial Abidə Kompleksini ziyarət etmiş, Ulu Öndər Heydər Əliyevin büstü önünə əklil qoymuş, öz dərin hörmət və ehtiramlarını bildirmişlər. Daha sonra tədbir iştirakçıları akademik Tofiq İsmayılovun xatirə muzeyini və Respublika Elmi-Texniki Kitabxanası tərəfindən təqdim olunan kitab sərgisi ilə tanış oldular. Dəyirmi masa ətrafında davam edən tədbirin ikinci hissəsində iştirakçıları salamlayan MAKA-nın baş direktoru, professor Natiq Cavadov ikitərəfli görüşlərin mühüm əhəmiyyətindən söz açaraq bildirdi ki, bu gün gənclərin elmi-texniki sahəyə olan maraqları və onların biliklərinin artırılmasında kitabların rolu danılmazdır. İstər klassik, istərsə də müasir ədəbiyyatlar bu gün alimlər, mütəxəssislər və elmi işçilər üçün maraq doğurur. Ona görə də, MAKA-da çalışan elmi işçilərin RETK-nın zəngin kitab bazasından istifadə etmək, onların inkişafında və dünya görüşünün artmasında mühüm rol oynayır. Professor Natiq Cavadov, MAKA-nın yarandığı 1974-cü ildən bu günə kimi, ümumi olaraq, çap olunmuş elmi məqalələrin sayının 10000-dən artıq, o cümlədən xarici jurnallarda 1300-dən artıq, monoqrafiya, kitab və dərsliklərin 200, doktoranturada təhsil alanların 800-dən artıq, xarici ölkələrdə təhsil alanların 100-dən artıq, fəlsəfə doktoru 400, elmlər doktoru 40 və MAKA-da çalışmış akademiklərin sayının 10-dan artıq olduğunu iştirakçıların nəzərinə çatdırdı.
Daha sonra tədbirdə MAKA və RETK-nın əməkdaşları tərəfindən məruzələr edildi. Məruzələr MAKA-nın baş direktorunun I müavini, professor Tofiq Süleymanov “MAKA-nın tarixi və inkişaf yolu”, RETK-nın İnformasiya resursları üzrə direktor müavini Ləman Xələfova “Müasir ekologiya və kitabxanamız”, Təbii ehtiyatların kosmik tədqiqi institutunun direktoru professor Fəxrəddin Ağayev “ Yerin aerokosmik tədqiqi sahəsində MAKA-nın fəaliyyəti RETK-nın elmi katibi Azadə Orucova “Kitabxananın inkişaf yolu”, MAKA Ekologiya İnstitutunun doktorantı Fərqanə Kazımova “İşğaldan azad olunmuş ərazilərdə olan su obyektlərinin mövcud vəziyyətinin kosmik tədqiqatlarla qiymətləndirilməsi, ”Elmi-Tədqiqat Aerokosmik İnformatika İnstitutunun direktoru, professor Elçin İsgəndərzadə “Milli Aerokosmik Agentlik və aerokosmik informatika: problemlər, nəticələr, perspektivlər” mövzularında edilən çıxışlar tədbir iştirakçıları tərəfindən maraqla qarşılandı və qarşılıqlı sual-cavablar ilə diskussiya davam etdi. RETK-nın direktoru səlahiyyətlərini icra edən, innovasiya və inkişaf üzrə direktorun 1-ci müavini Səbinə Sultanova rəhbərlik etdiyi təşkilat haqqında ətraflı məlumat verərək, MAKA rəhbərliyinə belə bir görüşün təşkilindən məmmun olduğunu bildirdi. Qeyd edək ki, dəyirmi masada AR Əqli mülkiyyət Agentliyinin tabeliyində olan Əqli Mülkiyyət Hüquqlarının Təminatı mərkəzinin direktoru Nəcəf Quliyev, Patent və Əmtəə Nişanlarının Ekspertizası Mərkəzinin direktor müavini Anar Hüseynov, MSN-nin sektor rəisi, Elçin Qasımov, Milli Aviasiya Akademiyasının Elm İstehsalat Birliyinin direktoru professor Kamal Əsgərov, ADNSU-nun kafedra müdiri, professor Lalə Bəkirova, BDU-nun professoru Şövqü Göyçaylı iştirak edirdilər. Sonda, iştirakçılara müvafiq sertifikatlar təqdim olundu və belə bir görüşlərin mütəmadi olaraq və müxtəlif mövzular istiqamətində keçirilməsi qərara alındı.