27 sentyabr – Anım Günü ilə əlaqədar Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin Milli Aerokosmik Agentliyinin inzibati ərazisində Agentliyin Vətən müharibəsində şəhid olmuş əməkdaşlarının xatirəsinin əbədiləşdirilməsinə həsr edilmiş Şəhidlər Memorial Abidə Kompleksinin qarşısında tədbir keçirilib. Tədbirdə iştirak edən MAKA-da çalışmış şəhid Zeynalov Nurlan Rəfail oğlunun ailə üzvləri və MAKA-nın çoxsaylı əməkdaşları əvvəlcə şəhidlərin əziz xatirəsini 1 dəqiqəlik sükutla yad etdilər, abidə önünə gül dəstələri düzüldü və ruhlarına dualar oxundu.
Çıxış edən baş direktor, professor Natiq Cavadov Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qüdrətli ordumuzun düşmən üzərində qazandığı parlaq qələbədən, Azərbaycan oğullarının göstərdiyi qəhrəmanlıq və şücaətlərdən söz açdı, 44 günlük Vətən müharibəsi ilə Ermənistan ordusunun darmadağın olduğunu vurğuladı. Qeyd etdi ki, MAKA-da çalışmış əməkdaşlarımızdan Birinci Qarabağ müharibəsi zamanı qəhrəmanca şəhid olan Mahmudov Vəli Nuruş oğlu və 44 günlük Vətən müharibəsində Xocavənd uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalmış Zeynalov Nurlan Rəfail oğlu bütün şəhidlərimiz kimi əbədi olaraq qəlbimizdə yaşayacaqdır.