4-cü Azərbaycan Beynəlxalq Müdafiə “ADEX-2022” Sərgisi
Sentyabrın 6-8-də Baku Expo Sərgi Mərkəzində 4-cü Azərbaycan Beynəlxalq Müdafiə “ADEX” və 13-cü Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə “Securex Caspian” sərgilərinin açılışı mərasimi keçirildi. “ADEX” sərgisi Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin təşəbbüsü və təşkilatçılığı və Müdafiə Nazirliyinin dəstəyi ilə baş tutdu. Sərginin açılış mərasimində dövlət və hökumət rəsmiləri, Azərbaycandakı diplomatik korpusun, beynəlxalq təşkilatların təmsilçiləri, xarici ölkələrin nümayəndə heyətləri və digər əlaqədar qurumların nümayəndələri iştirak etdi. Açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev iştirak etmişdir.Daha sonra, Müdafiə Sənayesi naziri Mədət Quliyev Prezident İlham Əliyevin sərgi iştirakçılarına ünvanlanmış təbrik məktubunu oxudu. Sərginin xüsusi əhəmiyyəti ondan ibarətdir ki, Azərbaycanın İkinci Qarabağ müharibəsində qazandığı şanlı Zəfərdən sonra ilk dəfə keçirilirdi. Sərgidə Azərbaycan Ordusunun qələbəsində müstəsna rol oynamış ölkənin hərbi-sənaye kompleksinin gücü və qüdrəti, müasir silahlar nümayiş etdirildi. 26 ölkədən 200-dən çox şirkəti bir araya gətirən “ADEX” Bakı Ekspo Mərkəzinin üç pavilyonunu və açıq sahəsini əhatə edirdi. İştirakçılar arasında Bolqarıstan, Çin, Fransa, İtaliya, Niderland və digər ölkələrin müdafiə sektorunun aparıcı şirkətləri iştirak edirdi. İlk dəfə İordaniyadan olan şirkətlərin də qatıldığı builki sərgidə Belarus, İran, İsrail, Qazaxstan, Pakistan, Rusiya, Türkiyə və digər ölkələr öz milli stendləri ilə iştirak edirdilər.
Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin stendləri Bakı Expo Mərkəzinin birinci və üçüncü zallarında yerləşirdi. Burada yerli istehsal olan ən son silah və hərbi texnika nümayiş olunurdu. Sərgidə təyyarə və aviasiya sistemləri, dəniz gəmiləri və hərbi dəniz sistemləri, zirehli döyüş nəqliyyat vasitələri, radioelektron sistemlər, optik-elektron avadanlıq və sistemlər, pilotsuz sistemlər, hərbi geyim və ləvazimatlar, silah və sursat, simulyatorlar və təlim sistemləri, radiasiya, kimyəvi və bioloji müdafiə və s. hərbi məmulatlar öz əksini tapırdı. Həmçinin Milli Aerokosmik Agentliyinin müdafiə təyinatlı məmulatların–pilotsuz uçuş aparatları, kəşfiyyat–patrul maşınları və s. hərbi texnikalar nümayiş olunmuş və onlar haqqında məlumatlar verilmişdir.