MAKA-NIN BAŞ DİREKTORU PROFESSOR NATİQ CAVADOV TÜRKİYƏDƏ KEÇİRILƏN KOSMİK ELM VƏ TEXNOLOGIYALAR ÜZRƏ BEYNƏLXALQ İSLAM TƏŞKİLATININ İDARƏ HEYƏTİNİN İCLASINDA İŞTIRAK ETMİŞDIR
MAKA-nın baş direktoru professor Natiq Cavadov 29-31 avqust 2022-ci il tarixdə Türkiyə Respublikası İstanbul şəhərində keçirilən Kosmik Elm və Texnologiyalar üzrə Beynəlxalq İslam təşkilatının İdarə Heyətinin 13-cü iclasında iştirak etmişdir. Tədbirə Türkiyənin, Pakistanın, İranın, İraqın, Seneqalın,Sudanın,Tunisin kosmik tədqiqatlarla məşğul olan təşkilatlarının nümayəndələri də qatılmışlar.
Pakistanın Komos və Yuxarı Atmosferin Tədqiqatı üzrə Komissiyasının sədri və İSNET –in prezidenti Amer Nadeem açılış nitqi ilə çıxış edərək tədbir iştirakçılarını salamladı və İSNET-in fəaliyyətinin həyata keçirilməsində göstərdikləri dəstəyə görə üzv dövlətlərə minnətdarlığını bildirdi. O, dünyanın İslam xalqlarının üzləşdiyi problemlərin artdığını qeyd edərək İSNET-in gələcək fəaliyyət xəttinin işlənib hazırlanması üçün səylərin artırılmasının əhəmiyyətini vurğuladı. Daha sonra üzv ölkələrin nümayəndələri bəyanatlarla çıxış etdilər.
Foruma ev sahibliyi edən Türkiyə Kosmik Agentliyinin prezidenti Sərdar Hüseyn Yıldırım ilə keçirilmiş görüşdə ölkələrimiz arasındakı qardaşlıq əlaqələrinin əhəmiyyəti bir daha vurğulandı, birgə səylərimizlə kosmik texnologiyaların inkişafında ölkələrimizin ciddi uğurlar qazanacağına əminlik ifadə olundu.
Cənab Amer Nadeem və İSNET-in icraçı direktoru Aftab Ahmad Khan Lughmani ilə keçirilmiş görüşdə Milli Aerokosmik Agentliyi ilə İSNET-in üzv dövlətlərinin aidiyyəti təşkilatı ilə qarşılıqlı əməkdaşlıq perspektivləri müzakirə olundu. Danışıqlar zamanı İSNET-in Afrika qitəsində yerləşmiş ölkələrində mütəmadi baş verən quraqlıq hadisələrinin kosmik məlumatlar əsasında proqnozlaşdırılması və dəyən ziyanın minimallaşdırılması üçün həyata keçirilən tədbirlərə Milli Aerokosmik Agentliyinin əməkdaşlarını öz töhfələrini verməyə hazır olduğu vurğulandı.
İclasda İSNET-in beynəlxalq nüfuzunun möhkəmləndirilməsi tədbirləri, həmçinin müxtəlif texniki layihələrin icra olunması məsələləri müzakirə olundu, 2019-2022-ci illərdə fəaliyyəti barədə hesabat təsdiq edildi.