ZƏFƏR, YENIDƏN QURMA, QAYIDIŞ !

57
0
Share:
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev mayın 28-də işğaldan azad olunmuş Ağdam rayonunda səfərdə olub. Prezident İlham Əliyevin tapşırığına əsasən işğaldan azad edilmiş ərazilərdə yol infrastrukturunun yenidən qurulması, yaşayış binalarının tikilməsi, müasir standartlara cavab verən təhsil, səhiyyə obyektlərinin inşa edilməsi nəzərdə tutulmuşdur. Səfər zamanı cənab Prezident Ağdamın baş planı ilə tanış olmuş,Bərdə-Ağdam avtomobil yolunun, Sənaye Parkının,  təməlqoyma mərasimində iştirak etmişdir.Sənaye Parkının təməlqoyma mərasimində işğaldan azad olunmuş ərazilərdə 4 regional mərkəzin yaradılmasının nəzərdə tutulduğu diqqətə çatdırılmışdır. Ağdamda sənaye mərkəzi, Cəbrayılda logistika və ticarət mərkəzi, Şuşada mədəniyyət və turizm mərkəzi, Kəlbəcərdə hasilat və turizm mərkəzi yaradılacaq. Ağdamın baş planına əsasən yaradılacaq sənaye mərkəzində ilkin müraciətlər əsasında 33 kiçik istehsal və xidmət müəssisəsi, iri sənaye və qida sənayesi müəssisələri fəaliyyət göstərəcək. Buraya 110 milyon manata yaxın sərmayə qoyulacaq, 330 iş yeri açılacaq. Ağdamın strateji coğrafi mövqeyi, insan resursları potensialı və infrastruktura çıxış imkanları rayonun gələcəkdə Qarabağın sənaye mərkəzinə çevrilməsi imkanlarını genişləndirir. Eyni zamanda Ağdamda müasir standartlara cavab verən Zəfər muzeyi və açıq hava altında İşğal muzeyi yaradılacaqdır. Prezident İlham Əliyev səfər çərçivəsində baş planda nəzərdə tutulmuş Ağdam şəhərində inşa olunacaq ilk yaşayış binasının təməlqoyma mərasimində də iştirak etdi. Qeyd olundu ki, ABŞ-ın “Gensler”, Azərbaycanın “Azərbaycan inkişaf” və Türkiyənin “URAL mühendislik” şirkətləri binanın layihələndirilməsinə cəlb olunmuşdur. Binanın fasadında Ağdamın yerli ağ daşından və Avropa memarlıq elementlərindən istifadə ediləcək,mənzillər 1, 2, 3, 4 və 5 otaqlı olacaq. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qiyaslı məscidində, Şahbulaq qalasında, Qarabağ  banisi Pənahəli xanın sarayının yerləşdiyi imarət kompleksində də olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ağdamlı ziyalılarla da görüşü baş tutub. Ziyalılar arasında Müdafiə Sənayesi Nazirliyi Milli Aerokosmik Agentliyinin baş direktoru professor Natiq Cavadov da olmuşdur.
Share: