27 sentyabr – Anım Günü ilə bağlı Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin inzibati ərazisində Müdafiə Sənayesi Nazirliyinin Vətən müharibəsində şəhid olmuş əməkdaşlarının xatirəsinin əbədiləşdirilməsinə həsr edilmiş Şəhidlər Memorial Abidə Kompleksinin açılış mərasimi keçirilib.
Tədbirdə müdafiə sənayesi naziri Mədət Quliyev, Milli Qəhrəmanlar, Nazirliyin Vətən müharibəsində iştirak etmiş əməkdaşları, şəhid olmuş işçilərin ailə üzvləri və digər rəsmi qonaqlar iştirak ediblər.
Memorial abidə kompleksinin rəsmi açılışından sonra şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib, Dövlət himni səsləndirilib.
Tədbirdə müdafiə sənayesi naziri Mədət Quliyev çıxış etmişdir. Çıxışı zamanı nazir Ordumuzun şanlı qələbəsi ilə başa çatmış Vətən müharibəsində Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin şəxsi təşəbbüsü ilə 2005-ci ildə Silahlı Qüvvələrin döyüş hazırlığını daim yüksək səviyyədə saxlamaq məqsədilə yaradılmış Müdafiə Sənayesi Nazirliyinin 72 əməkdaşının böyük şücaət göstərdiyini, onlardan Ağaəmi Heybətov, Nurlan Zeynalov və Nicat Hüseynovun torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olaraq şəhidlik zirvəsinə yüksəldiklərini, 7 əməkdaşın isə yaralanaraq qazi olduğunu nəzərə çatdırıb.
Vətən müharibəsində şücaət göstərmiş şəhid və qazi əməkdaşlar müdafiə sənayesi nazirinin əmri ilə Fəxri fərman və mükafatlara layiq görülüblər.