Şuranın 04.11.2021-ci il tarixində keçirilmiş iclasında giriş sözü ilə çıxış edən Milli Aerokosmik Agentliyinin baş direktoru, texnika elmləri doktoru, professor Natiq Cavadov kadr hazırlığı ilə bağlı məsələlərə toxundu, doktorantura və dissertanturada yüksək ixtisaslı mütəxəssislərin təhsillərini davam etdirmələri üçün əlavə tədbirlərin görülməsini, xarici dil fənləri üzrə təlim kurslarının təşkilinin vacibliyini vurğuladı.
Baş direktorun I müavini, texnika elmləri doktoru, professor Tofiq Süleymanov 2021-ci il planı üzrə Milli Aerokosmik Agentliyinin doktorantura və dissertanturasına qəbulun nəticələri barədə məruzə ilə çıxış etdi, prosedur qaydalarına uyğun olaraq iddiaçıların təhsil almaları üçün Agentlikdə hər cür şəraitin yaradıldığını bildirdi. O qeyd etdi ki, iddiaçıların sənədlərinin ilkin ekspertizası keçirilmiş, onların əmək fəaliyyətinin əhatə sferası vcə peşəkarlıq səviyyəsi nəzərə alınmış, namizədlər fən proqramları ilə tanış edilmiş, mövzular üzrə xüsusi məsləhətlər verilmişdir.
İclasda fəlsəfə doktorluğu və dissertantura yolu ilə elmlər doktorluğu üzrə təhsil almaq hüququ qazanmış Milli Aerokosmik Agentliyinin əməkdaşlarının dissertasiya mövzuları, elmi rəhbərləri və elmi məsləhətçiləri təsdiq edildi.
Dosent elmi adı almaq üçün bir əməkdaşın sənədlərinin Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasına göndərilməsi barədə Birləşmiş Elmi-Texniki Şura gizli səsvermə yolu ilə qərar qəbul etdi.
Tədbirin sonunda Elmi-Tədqiqat Aerokosmik İnformatika İnstitunun direktoru professor Kamal Əsgərovu 70 illik yubileyi münasibəti ilə təbrik edildi və xoş arzular çatdırıldı.