BAŞ İDARƏ

70
0
Share:
Agentliyin əsas məqsədi Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Konsepsiyasına və Hərbi Doktrinasına, “Dövlət Müdafiə Sifarişi Proqramı”na, “Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və inkişafı üzrə Dövlət Proqramı”na, “Azərbaycan Respublikasında peyk vasitəsilə Yerin məsafədən müşahidəsi xidmətlərinin inkişafına dair Dövlət Proqramı”na, “Azərbaycan Respublikasında elmin inkişafı üzrə Milli Strategiya”ya və “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiya”sına müvafiq olaraq kosmik fəzanın elmi cəhətdən öyrənilməsi sahəsində elmi-texniki siyasətin formalaşdırılmasını, bu sahədə aparılan fundamental və tətbiqi tədqiqatların koordinasiyasını, aviasiya və kosmik texnikanın yaradılmasını, cihazqayırma, müdafiə və təhlükəsizlik sahəsində dövlət sifarişlərinin yerinə yetirilməsini, xidmətlərin göstərilməsini, kosmik fəzanın imkanlarından ölkə iqtisadiyyatının inkişafında istifadə olunmasını, dövlətlərarası birgə aerokosmik proqramların, layihələrin və sazişlərin icrasını, bu sahədə beynəlxalq konvensiyaların hazırlanmasını, aerokosmik xidmətlərin dünya bazarına çıxarılmasını, aerokosmik elm və texnikanın müvafiq sahələrində yüksək ixtisaslı mütəxəssislərin hazırlanmasını, təkrar hazırlıq keçməsini təşkil və təmin etməkdən ibarətdir.
Agentlik öz elmi-texniki və istehsal fəaliyyətində Nazirlik tərəfindən təsdiq olunmuş «İş planları»nı, istehsal və yaradılma proqramlarını və Nazirliyin digər göstərişlərini əsas tutur.
Agentliyin əsas fəaliyyət istiqamətləri aşağıdakılardan ibarətdir:
– aerokosmik və müdafiə sənayesi sahələrində fundamental və tətbiqi tədqiqatların təşkili, idarə edilməsi və əlaqələndirilməsi;
– kosmik texnologiyaların nailiyyətlərinin iqtisadiyyatın müxtəlif sahələrində tətbiqinə nail olunması, ətraf mühitin aerokosmik monitorinqinin aparılması;
– kosmik və müdafiə sənayesinin inkişafına xidmət edən texniki sistemlərin işlənilməsi, innovativ xüsusiyyətlərə malik müxtəlif növ məmulatların yaradılması, elementlərin hazırlanması, istehsalı və satışının təşkili;
– süni intellekt sistemlərinin yaradılması və robototexniki vasitələrin layihələndirilməsi;
– meteoroloji şəraitin qiymətləndirilməsi, elektron xəritələşmə xidmətlərinin həyata keçirilməsi, təbii ehtiyatların aşkarlanması və onlardan səmərəli istifadə məsələlərində kosmik texnologiyaların tətbiqi;
– aerokosmik vasitələrlə Azərbaycan üçün xarakterik olan təbii-dağıdıcı proseslərin proqnozlaşdırılması və qiymətləndirilməsi;
– tədris prosesində və elmi tədqiqatların həyata keçirilməsində kosmik vasitələrdən istifadənin təşkili;
– aerokosmik elm və texnologiyaların müxtəlif sahələri üçün yüksək ixtisaslı mütəxəssislərin hazırlanması və ixtisaslarının artırılması məqsədilə tədris prosesinin təşkili;
– elmin və iqtisadiyyatın inkişafına xidmət edən beynəlxalq və regional əməkdaşlıq layihələrinin, kosmik proqramların və sazişlərin hazırlanması və yerinə yetirilməsi;
– aerokosmik xidmətlərin dünya bazarına çıxarılmasının, təşviqinin və reallaşdırılmasının təşkili;
– beynəlxalq informasiya məkanına inteqrasiyanın təşkili, innovativ texnologiyaların və yeni proqram-aparat vasitələrinin yaradılması və istehsal prosesində tətbiqi;
– sənaye və istehsal sahələrində, Xəzər dənizi akvatoriyasında, digər sututarlarda, meşə ekosistemlərində ətraf mühitə antropogen təsirlərin öyrənilməsi üzrə monitorinqlərin keçirilməsi;
– regional iqlim dəyişmələrinin və digər qlobal ətraf mühit problemlərinin ölkə əhalisinə və iqtisadiyyata təsirinin araşdırılması, ekoloji qiymətləndirmələrin aparılması, rəy və təkliflərin hazırlanması;
– aerokosmik məlumatlar əsasında kənd təsərrüfatı istehsalının planlaşdırılması;
– ətraf mühitə nəzarətin ölçü cihazlarının yaradılması və istehsalının təşkili;
– öz fəaliyyət istiqamətlərinə uyğun olaraq texnoparkların, elmi müəssisələrin, istehsal və satış sahələrinin yaradılması.
Hazırda MAKA-da kosmik məlumatlardan istifadə etməklə, həmçinin Coğrafi İnformasiya Sistemləri texnologiyaları və digər innovativ meyarlar bazasında aşağıdakı istiqamətlərdə elmi-tədqiqat işləri yerinə yetirilir:
– geolandşaft və infrastruktur komponentlərinin vəziyyət parametrlərinin qiymətləndirilməsi;
– işğaldan azad olunmuş ərazilərin müxtəlif təyinatlı tematik elektron xəritələrinin yaradılması;
– su ehtiyatlarının qiymətləndirilməsi;
– Xəzər dənizinin Azərbaycan sektorunda çirklənmə problemlərinin tədqiqi;
– neftlə çirklənmiş ərazilərin təsnifatlaşdırılması və radioekoloji tədqiqatlar;
– süni intellekt sistemlərinin tədqiqi;
– alternativ enerji mənbələrindən istifadə imkanlarının araşdırılması;
– təbii və antropogen faktorların meşə ehtiyatlarına təsirinin müəyyənləşdirilməsi;
– kənd təsərrüfatı istehsalının planlaşdırılmasında nanotexnologiyaların tətbiqi;
– atmosfer havasının aerokosmik monitorinqi.
Ölkəmizdə kosmik texnika və texnologiyaların tətbiqi və aerokosmik məlumatlardan istifadə etməklə müxtəlif praktiki məsələlərin həlli məqsədilə yaradılmış Milli Aerokosmik Agentliyi (MAKA) 1974-cü ildə Azərbaycan Elmlər Akademiyasının nəzdində “Kaspi” Elmi Mərkəzi kimi fəaliyyətə başlamışdır. 1981-ci ildən onun bazasında “Kosmik Tədqiqatlar Elm-İstehsalat Birliyi” yaradılmış, 1985-1992-ci illərdə SSRİ Ümumi Maşınqayırma Nazirliyinin tabeliyində olmuş, 2003-cü ilə qədər Azərbaycan Respublikasının Xüsusi Maşınqayırma və Konversiya Komitəsinin, 2006-cı ilə qədər Azərbaycan Milli Elmlər Akademiyasının tərkibində fəaliyyətini davam etdirmişdir. Azərbaycan Respublikası Prezidentinin 27 sentyabr 2006-cı il tarixli 463 nömrəli Fərmanı ilə Agentlik Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin (MSN) tabeliyinə verilmiş və hazırda da onun tərkibində fəaliyyət göstərir.
Milli Aerokosmik Agentliyinin strukturu:
    MAKA-nın 2021-ci il üçün təsdiq edilmiş strukturu aşağıdakı kimidir:
MAKA aparatı 
Təbii Ehtiyatların Kosmik Tədqiqi İnstitutu (TEKTİ) 
Elmi-Tədqiqat Aerokosmik İnformatika İnstitutu (ETAİİ) 
Ekologiya İnstitutu (Eİ) 
Kosmik Cihazqayırma Məxsusi Konstruktor Bürosu (KC MKB) 
Xüsusi Konstruktor Texnoloji Bürosu (XKTB) (Lənkəran) 
Kosmik Cihazqayırma Təcrübi Zavodu (KCTZ) 
Regionlarda olan şöbələrimiz:
1.”Regional ekoloji tədqiqatlar”şöbəsi (Naxçıvan Muxtar Respublikası)
2.”Ekoloji tədqiqatlar və elmi araşdırmalar” şöbəsi (Ağdam rayonu)
3.”Hidrokimyəvi araşdırmalar və su ehtiyyatlarının monitorinqi” şöbəsi (Beyləqan rayonu)
4.Mingəçevir şəhəri”Elmi-təcrübi sınaq”şöbəsi (Mingəçevir şəhəri)
5.Gəncə şəhəri “Geoməkan strukturunun məlumat bazası”şöbəsi (Gəncə şəhəri)
6.”Regional infrastruktur komponentlərinin eksperimental tədqiqi”şöbəsi (Qusar rayonu)
7.Xaçmaz rayonu Nabran qəsəsbəsi”Strateji və poliqon-tədqiqatları”şöbəsi (Xaçmaz rayonu Nabran qəsəsbəsi)
Share: