AZƏRBAYCAN XALQININ ƏBƏDİ XİLASKARI

914
0
Share:

Azərbaycan xalqının əbədi xilaskarı

“Azərbaycanı qüdrətli dövlətə çevirmək üçün ən başlıcası, ölkədə Heydər Əliyevin siyasəti davam etdirilməlidir”

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.

1993-cü ilin 15 iyun – Qurtuluş Günündən otuz ilə yaxın müddət ötməsinə baxmayaraq, həmin günədək və sonradan ölkədə cərəyan etmiş ictimai-siyasi proseslərə yenidən nəzər salınması, onların nəticələrinin dövlətçiliyimiz və azərbaycançılıq məfkurəsi üçün tarixi əhəmiyyəti, rolu və imkanlarının gələcək nəsil tərəfindən öyrənilməsi vacib olmaqla yanaşı, hər zaman aktual qalacağı danılmazdır.

Azərbaycan və xalqımız naminə müstəsna xidmətləri ilə əbədilik qazanan ümummilli lider Heydər Əliyevin mənalı həyat yolu, zəngin və çoxşaxəli irsi tükənməz ibrət məktəbidir. Ötən onilliklərə nəzər salarkən Azərbaycan xalqının öz müdrik liderinin rəhbərliyi ilə qazanmış olduğu mühüm tarixi nailiyyətlərin bir daha şahidi oluruq. İntibah və milli şüurun oyanışı Heydər Əliyevin hakimiyyətə gəlişi ilə başlamış, dövlət müstəqilliyimiz məhz onun sayəsində əbədi və dönməz xarakter almışdır. Ölkəmiz ulu öndərin uzaqgörənliyi, müdrikliyi, qətiyyəti, dəmir iradəsi və zəngin dövlətçilik təcrübəsi sayəsində yüksək uğurlar qazanmışdır.

Özünün hərbi-siyasi, sosial-iqtisadi nailiyyətləri ilə bu gün bütün dünyanın diqqət mərkəzində olan müasir Azərbaycan dövlətinin qurucusu ulu öndər Heydər Əliyevin əziz xatirəsi xalqımızın qəlbində və yaddaşında əbədi yer tutur. Onunla bir dövrdə yaşadığım və şəxsən görüşdüyüm, onun etimadını qazanaraq məsul vəzifələrə irəli çəkildiyim, müdrik rəhbərliyi altında çalışdığım üçün hədsiz qürur hissi keçirir, ruhu qarşısında dərin ehtiramla baş əyirəm.

Heydər Əliyev xalqımızın tarixi şəxsiyyətləri, istedadlı və qəhrəman övladları arasında ən parlaq simalardan biri olmaqla yanaşı, dünya miqyasında da böyük hörmət və nüfuz qazanmış, indi də adı sevgi və rəğbətlə anılan nəhəng dövlət xadimi və siyasi liderlərdən biridir.

Uzun illər imperiya idarəçiliyinin siyasi və ideoloji təzyiqinə məruz qalmasına baxmayaraq, Azərbaycan xalqı dilini və dinini qorumuş, milli mədəniyyətini inkişaf etdirmiş və müttəfiq respublika şəklində dövlətçiliyini saxlamışdır. Ötən əsrin 60-cı illərindən başlayaraq, xüsusilə də ulu öndərin 1969-cu ildə hakimiyyətə gəlişindən sonra Azərbaycan böyük quruculuq və yaradıcılıq mərhələsinə, həyatın bütün sahələrində sürətli inkişaf və tərəqqi yoluna qədəm qoymuşdur. İlk olaraq milli kadr korpusunun yaradılması və mühüm vəzifələrdə yerləşdirilməsi, dövlət idarəçiliyi təsisatlarının möhkəmləndirilməsi, elm, sənaye, səhiyyə, təhsil, mədəniyyət və digər sahələrin inkişafı ilə əlaqədar həyati vacib qərarlar verilmiş və əməli tədbirlər görülmüşdür. Minlərlə azərbaycanlı gənc keçmiş Sovet İttifaqının aparıcı dövlət idarəetmə məktəblərinə, elm və təhsil ocaqlarına göndərilmiş və qabaqcıl sənaye istehsalı sahələri ilə bağlı ixtisaslara yiyələnmişdir. Bu dövrdə milli gəlir, sənaye və kənd təsərrüfatında ümumi məhsulun həcmi dəfələrlə artmış, iqtisadiyyatın inkişaf etdirilməsinə əvvəlki onilliklərdə olduğundan daha çox əsaslı vəsait qoyulmuş, yüzlərlə iri zavod və fabrik tikilib işə salınmışdır.

Qeyd olunan misilsiz işlər ölkəmizin müstəqilliyinin bərpası və erməni silahlı birləşmələrinin Azərbaycana qarşı təcavüzünün qarşısının alınmasında mühüm rol oynamış müdafiə sənayesinin təməlinin qoyulması və inkişaf etdirilməsini də əhatə etmişdir.

Heydər Əliyevin Azərbaycan xalqı qarşısında böyük xidmətlərindən söhbət açanda ilk öncə 1969-1982-ci illərə, dahi rəhbərin keçmiş sovetlər birliyi dövründə respublikamıza rəhbərlik etdiyi vaxtlara nəzər yetirmək vacibdir.

1969-cu ildə dahi şəxsiyyət, xalqımızın xilaskarı Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinın birinci katibi seçildikdən sonra respublika iqtisadiyyatının digər sahələri ilə yanaşı, hərbi təhsil və müdafiə sənayesi sahəsində də mühüm işlər görülmüş, siyasi, inzibati və ideoloji əngəllərə baxmayaraq, bu gün Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin əsasını təşkil edən və ölkənin müxtəlif şəhərlərində yerləşən geniş profilli müəssisələrin yaradılmasına nail olunmuşdur. Ulu öndərin o illərdə gördüyü işlər, yaradılan iri sənaye müəssisələri Azərbaycan Respublikasının dövlət müstəqilliyinin əsasıdır desək, yanılmarıq. Çünki hələ o illərdə bu işlər görülərkən Heydər Əliyev Azərbaycanın gələcəyini, bugünkü müstəqilliyini düşünmüşdür.

Həmin dövrdə məhz onun şəxsi təşəbbüsü və səyi sayəsində SSRİ Elektronika Nazirliyinin tərkibində olan Bakı “Mikrosxematexnika” Xüsusi Konstruktor Bürosunun bazasında “Azon” zavodu, 1975-ci ildə isə Bakıda Elektron Hesablama Maşınları zavodu qısa müddət ərzində tikilib istismara verilmişdir. Bütövlükdə, 1970-1982-ci illərdə respublika ərazisində, o cümlədən Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan və digər şəhərlərdə müdafiə təyinatlı elmi və istehsal müəssisələri də daxil olmaqla çoxlu sayda zavod, fabrik, müəssisələr istifadəyə verilmişdir. Təsadüfi deyil ki, həmin dövr Azərbaycanda istehsal olunan sənaye məhsulları dünyanın 65 ölkəsinə ixrac olunurdu.

Azərbaycanda demoqrafik artımı və mövcud elmi potensialı nəzərə alan ulu öndər Heydər Əliyev SSRİ-nin ağır maşınqayırma və hərbi sənaye kompleksi müəssisələrinin respublikada yaradılması məsələsini Sov.İKP MK-nın Siyasi Bürosu qarşısında qaldırmışdır. Onun təklifləri və gərgin əməyi sayəsində Azərbaycanda radiotexnika və cihazqayırma sənayesi üzrə üç yeni müəssisənin – Radio Maşınqayırma zavodunun (“Robot” zavodu), Tərtərdə Lionozov Elektromexanika zavodunun filialının və Elektron Hesablama Maşınları zavodunun ikinci növbəsinin inşası, elektron sənayesi üzrə dörd – Gəncədə “Billur”, Xaçmazda, Siyəzəndə və Lənkəranda “Kondensator” zavodlarının tikilməsi, müdafiə sənayesi üzrə Azon Optika-Mexanika (“Alov”) zavodunun filialının, Alunit zavodunun tikintisi, gəmiqayırma sənayesi üzrə Bakı Elektro-Mexaniki İnstitutunda yeni istehsal sahələrinin, sonradan isə onun bazasında “Nord” Elmi-İstehsalat Birliyinin (EİB) yaradılması, aviasiya sənayesi üzrə istehsal sahələrinin genişləndirilməsi və sairə məhz ümummilli lider tərəfindən görülən ölçüyəgəlməz fəaliyyətin nəticələridir.

Neftlə zəngin olan respublikamızda neft maşınqayırması üzrə müəssisələrin yaradılmasının zəruri olduğunu qabaqcadan görən Heydər Əliyev müharibə şəraitinə uyğun istehsal profilini dəyişmək imkanı nəzərdə tutulmaqla yeni maşınqayırma müəssisələrinin tikilməsi və genişləndirilməsi barədə də öz təkliflərini vermişdir. Həmin dövrdə öz nüfuzundan istifadə edən görkəmli dövlət xadimi Heydər Əliyev Azərbaycanda hərbi sənaye kompleksinin və ağır maşınqayırma sənayesinin inkişafına təkan verəcək “Ulduz” EİB, Əli Bayramlı “Araz” zavodu (indiki Şirvan “Araz”), “Rabitə” Elmi-Tədqiqat İnstitutu kimi yeni müəssisə və zavodların tikilib istismara verilməsinə nail olmuşdur.

Elmin inkişafına daim xüsusi diqqət ayıran dahi rəhbər Azərbaycanı zəngin təbiəti, geniş tərkibli bitki örtüyü, relyefi Xəzər dənizi ilə birlikdə bütün ərazisi kosmik aparatlar vasitəsilə kosmosdan alınan məlumatların aşkarlanması və təhlili metodikalarının yaradılması sahəsində ilboyu fəaliyyət göstərmək imkanı olan nadir təbii sınaq poliqonu olduğunu nəzərə alaraq 1975-ci ildə Azərbaycan Elmlər Akademiyasının tərkibində “KASPİ” Elmi Mərkəzinin yaradılması haqqında qərar vermişdir. 1978-ci ildə isə “KASPİ” Elmi Mərkəzinin bazasında Təbii Ehtiyatların Kosmik Tədqiqi İnstitutu yaradılmışdır. 1982-ci ildə isə Təbii Ehtiyatların Kosmik Tədqiqi İnstitutu təcrübi istehsalat sahəsinin və poliqonunun əsasında Kosmik Tədqiqatlar Elmi-İstehsalat Birliyi təşkil edilmişdir. Qeyd etmək lazımdır ki, həmin institut və EİB keçmiş SSRİ dövründə kosmik tədqiqatlar sahəsində fəaliyyəti açıqlanan ilk müəssisələr olmuşdur.

Lakin 1980-ci illərin ikinci yarısında keçmiş SSRİ-də yaranmış sosial-iqtisadi vəziyyət və mərkəzi hakimiyyətin ulu öndərə və Azərbaycana münasibətdə yol verdiyi tarixi ədalətsizlik genişlənməkdə olan inkişaf və quruculuq işlərinə demək olar ki, son qoydu.

1991-ci ildə müstəqilliyini yenicə bərpa etmiş Azərbaycan ağır və çətin sınaqlarla üzləşdi. Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları ilə çıxış etməsi, soydaşlarımızın öz tarixi dədə-baba torpaqlarından məcburən qovulması, qaçqın düşməsi və Dağlıq Qarabağ probleminin həlli ilə bağlı o vaxtkı respublika rəhbərliyinin yol verdiyi bağışlanılmaz səhvlər ölkədə ictimai-siyasi vəziyyətin getdikcə daha da ağırlaşmasına səbəb oldu. Bir tərəfdən erməni təcavüzü genişlənir, rayon və kəndlərimiz işğal edilir, digər tərəfdən isə ölkə daxilində hakimiyyət uğrunda siyasi çəkişmələr güclənir və nəticədə xalqımız ağır itkilər verirdi. Azərbaycanın belə qorxulu siyasi durumunda müxtəlif bölgələrdə yaranan silahlı qruplaşmalar tərəfindən ölkəni parçalamaq, mərkəzi hakimiyyəti ələ keçirmək üçün cəhdlər edilir və qiyamlar törədilirdi. Artıq ölkədə vətəndaş müharibəsi başlanmşdır. Ayrı-ayrı şəxslərə, siyasi qruplara mənsub qanunsuz silahlı dəstələr və cinayətkar elementlər demək olar ki, bütün ölkə ərazisində tüğyan edirdi. Respublikanın bir sıra regionlarında müxtəlif silahlı birləşmələrin əmələ gəlməsi nəticə etibarılə xaosa, özbaşınalığa və ciddi təhlükəli vəziyyətə gətirib çıxarmışdı. Bütün bunların qarşısını almağa qadir olmayan o vaxtkı iqtidarın naşılığı və səriştəsizliyi ucbatından 1993-cü ilin iyununda baş vermiş Gəncə hadisələri ölkənin parçalanmasına yol açdı, xalqımız dövlət müstəqilliyinin itirilməsi ilə üz-üzə qaldı. Yaranmış fürsətdən istifadə edən Ermənistan isə Azərbaycan torpaqlarının işğalını günbəgün genişləndirirdi.

Əlbəttə, həmin dövrdə əsrlər boyu Azərbaycanı parçalamaq arzusunda olan qlobal və regional qüvvələrin pozuculuq fəaliyyəti də geniş vüsət almışdı. Müstəqilliyin bərpasının ilk illərində və ermənilərin ölkəmizə qarşı ərazi iddialarının gücləndiyi bir vaxtda bəzi xarici dövlətlərdə Azərbaycanı bölüşdürmək planları cızılır, respublikada regional qarşıdurma yaratmaqla burada yaşayan xalqları azərbaycanlılarla üz-üzə qoymaq istəyirdilər. Ona görə də Azərbaycanın tanınmış ziyalıları, xalqını düşünən vətənpərvərləri ulu öndər Heydər Əliyevə aramsız müraciətlər edir, onu təkidlə siyasi hakimiyyətə çağırırdılar. Əslində, xalqın bu tələbi hələ 1988-ci il mitinqlərindən başlayaraq, mütəmadi şəkildə irəli sürülürdü. Yüz minlərlə adam millət və dövlət üçün belə böhranlı məqamda Heydər Əliyev dühasından, dövləti idarəetmə təcrübəsindən, qətiyyətindən və uzaqgörənliyindən istifadə olunmasını, onun yenidən siyasi hakimiyyətə qayıtmasına imkan verilməsini tələb edirdi.

Məlum olduğu kimi, həmin illər ulu öndər Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri vəzifəsində çalışırdı və onun siyasi nüfuzu, iradəsi və əvəzsiz səyləri sayəsində Ermənistanın Azərbaycanın bu mətanət və sarsılmazlıq simvoluna çevrilmiş diyarına silahlı təcavüzünün qarşısı hər dəfə qətiyyətlə alınmış, sabitlik təmin olunmuş, demokratik dövlət quruculuğu formalaşmışdır.

1993-cü ilin may-iyun aylarında respublikada hakimiyyət böhranı, hərc-mərclik son həddə çatdıqda, ölkə vətəndaş müharibəsi və müstəqilliyin itirilməsi təhlükəsi qarşısında qaldıqda, Azərbaycan xalqı dahi şəxsiyyət Heydər Əliyevin hakimiyyətə gətirilməsi tələbi ilə ayağa qalxdı. Bu, əsl mənada, milli hərəkata çevrildi və nəticədə ulu öndər 1993-cü il iyunun 15-də Azərbaycan Ali Sovetinin Sədri seçildi. Həmin gün Azərbaycan xalqının tarixinə Qurtuluş Günü kimi daxil oldu və Heydər Əliyevin başçılıq etdiyi milli hürriyyət və istiqlaliyyət mübarizəsi zəfər çaldı. Bununla, ümummilli liderin Azərbaycana rəhbərliyinin yeni dövrü başlandı. Azərbaycan dövlətçiliyinin məhv edilməsi, vətəndaş müharibəsi və ölkənin parçalanması təhlükəsi aradan qalxdı.

1993-cü ilin iyun ayının 24-dən ulu öndər Heydər Əliyev Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başladı, 1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Azərbaycan Respublikasının Prezidenti seçildi.

Heydər Əliyevin Azərbaycan rəhbərliyinə qayıdışı ilə ölkənin ictimai-siyasi, sosial-iqtisadi, müdafiə və təhlükəsizlik sahələrində, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrində dönüş yarandı, müasir, dünyəvi, demokratik və hüquqi dövlətçilik prinsiplərinə uyğun müstəqil dövlət quruculuğu prosesi başlandı. Müstəqil Azərbaycan dövlətçiliyinin varlığı üçün böyük təhlükə olan 1994-cü il oktyabr və 1995-ci il mart dövlət çevrilişləri cəhdlərinin qarşısı qətiyyətlə alındı, dövlət müstəqilliyi qorunub saxlandı, silahlı yolla hakimiyyətə gəlmək cəhdlərinə son qoyuldu və ölkədə dayanıqlı ictimai-siyasi sabitlik bərqərar edildi.

Daxili sabitlik təmin olunduqdan sonra ümummilli lider Heydər Əliyev ölkənin milli mənafelərinə uyğun olan irimiqyaslı beynəlxalq iqtisadi layihələrin işlənib hazırlanması və həyata keçirilməsi sahəsində gərgin fəaliyyətə başladı. 1994-cü ilin sentyabrında Bakıda dünyanın 11 ən iri neft şirkəti ilə respublikanın tərəqqi və inkişaf yolunda böyük iqtisadi sipər rolunu almış “Əsrin müqaviləsi” neft kontraktı bağlandı. Nəticədə bu müqavilə Azərbaycanın gələcəkdə beynəlxalq enerji təhlükəsizliyinin təminatında mühüm rola malik regional aktora çevrilməsinə imkan verən yeni-yeni sazişlərin imzalanmasına və daha möhtəşəm layihələrin gerçəkləşməsinə şərait yaratdı. Artıq günümüzdə bütün sadalananlar ölkənin iqtisadi sistemini canlandıracaq güclü investisiya kapitalı olmaqla yanaşı, mühüm siyasi və iqtisadi məna kəsb edir və Azərbaycanın beynəlxalq aləmdə rolunu və mövqeyini gücləndirən alətlərdən birinə çevrilmişdir.

1994-cü ildən etibarən Azərbaycanın gələcək inkişaf strategiyasını istiqamətləndirən ümummilli lider Heydər Əliyev zamanında düzgün və qətiyyətli qərarlar qəbul edərək ölkənin bərpa və uzunmüddətli dinamik inkişaf dövrünə start vermiş oldu. Nəticədə, ölkədə maliyyə vəziyyəti sabitləşdi, iqtisadiyyata cəlb olunan sərmayələrin həcmi ildən-ilə artdı, xalqın həyat səviyyəsi yaxşılaşmağa başladı.

Ulu öndər Azərbaycan neftinin dünya bazarlarına nəqlini neft strategiyasının əsas istiqamətlərindən hesab edirdi. Bu sahədə Azərbaycanın mənafelərinin uzunmüddətli şəkildə qorunması, genişmiqyaslı beynəlxalq iqtisadi əməkdaşlığın inkişafı, regionda neft hasilatının artması ilə əlaqədar karbohidrogenlərin dünya bazarlarına nəqlinin təmin edilməsi strateji əhəmiyyət daşıyırdı. Ulu öndər Heydər Əliyevin əzmkarlığı və qətiyyəti nəticəsində Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin çəkilməsinə dair sazişin imzalanması mümkün oldu və xalqımız qarşısında dayanan taleyüklü Qarabağ məsələsinin həllinin təməl sütunlarından biri qoyulmuş oldu. Neft ixracından daxil olan maliyyə resursları düşünülmüş strategiyaya uyğun, digər sahələrlə yanaşı, müdafiə və təhlükəsizlik sahələrinə də yönəldilmiş, Azərbaycan ordusunun maddi-texniki bazasının ilbəil yaxşılaşdırılmasına şərait yaratmışdır.

Ümummilli lider Heydər Əliyev müstəqil Azərbaycanın müasir müdafiə sənayesi infrastrukturunun yaradılmasına və inkişafına xüsusi diqqət göstərirdi. Onun rəhbərliyi ilə respublikanın müharibə vəziyyətində olması nəzərə alınaraq ordu quruculuğu istiqamətində məqsədyönlü tədbirlər həyata keçirildi. Silahlı Qüvvələrə tələb olunan silah, hərbi texnika, döyüş sursatı, arxa xidmət əmlakı və digər maddi vasitələrin istehsal olunması üçün sifarişlərin respublikanın müdafiə sənayesi müəssisələrinə verilməsi ölkə iqtisadiyyatının inkişafına da şərait yaratdı. Hələ 1993-cü il sentyabrın 30-da Ali Sovetin Sədri olduğu zaman xarici sərmayəçiləri cəlb etməklə Bakıda çoxlaylı çap lövhələri istehsal edən müdafiə sənayesi təyinatlı “Peyk” zavodunun açılışında ulu öndərin şəxsən özünün iştirak etməsi qeyd olunanların bariz nümunələrindən biridir.

2003-cü ildə ordumuzun hərbi-texniki bazasını gücləndirmək və bu sahədə kənar asılılığı azaltmaq məqsədilə ümummilli lider Heydər Əliyev tərəfindən “Azərbaycan Respublikası müdafiə sənayesi müəssisələrinin 2003-2005-ci illərdə inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilməsi ilə respublikanın müdafiə sənayesinin inkişafının yeni mərhələsi başlanmışdı.

Daim Azərbaycanı, xalqını düşünən ulu öndər bütün ömrünü, sağlamlığını və əməyini sərf edərək düşünülmüş və uzaqgörən siyasəti sayəsində Azərbaycanın inkişafı və vətəndaşlarının rifahı uğrunda gecə-gündüz çalışmışdır. Onun misilsiz xidmətləri nəticəsində dövlət müstəqilliyi qorunmuş, əbədi və daimi olmuş, eləcə də ölkənin gələcək inkişafının bütün strateji hədəfləri müəyyən edilərək Azərbaycanın sonrakı illərdə də davamlı yüksəlişi və qüdrətlənməsinin təməli qoyulmuşdur. Ümummilli lider Heydər Əliyev 2003-cü ilin prezident seçkilərinin həlledici dövründə canından artıq sevdiyi xalqına müraciətlə bildirdi: “Üzümü sizə – həmvətənlərimə tutaraq, qarşıdan gələn prezident seçkilərində prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin I müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.

2003 -cü il oktyabrın 15-də ulu öndər Heydər Əliyevin siyasi xəttinin layiqli davamçısı cənab İlham Əliyev xalqımızın mütləq etimadını qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçildi və bununla da ölkəmiz öz inkişafında yeniləşmə və müasirləşmə mərhələsinə qədəm qoydu.

Dövlətimizin başçısı cənab İlham Əliyevin ilk günlərdən yürütdüyü uğurlu xarici siyasət Azərbaycanın müttəfiqlərinin və dostlarının sayını artırdı, beynəlxalq müstəvidə tutduğu layiqli yerini daha da möhkəmləndirdi. Eyni zamanda, getdikcə genişlənən iqtisadi imkanlardan yararlanaraq ümummilli lider Heydər Əliyevin təhlükəsizlik siyasəti və ordu quruculuğu ilə bağlı başladığı işləri möhtərəm Prezident cənab İlham Əliyev uğurla davam etdirdi. Hələ 2003-cü ildə andiçmə mərasimindəki nitqi zamanı cənab Prezident demişdir: “Azərbaycanda ordu quruculuğu sahəsində də böyük işlər görülmüşdür. Ölkəmizdə güclü ordu yaradılmışdır və bu proses davam edəcəkdir. Bu məsələ daim mənim diqqət mərkəzimdə olacaqdır. Azərbaycanın çox güclü ordusu olmalıdır. O, qarşıda duran bütün məsələləri həll etmək iqtidarında olmalıdır. Əminəm ki, Azərbaycanın iqtisadi potensialı ordumuzun ən yüksək standartlara cavab verməsinə və qarşıda duran bütün vəzifələri yerinə yetirməsinə imkan verəcəkdir”.

Qeyd edilən taleyüklü vəzifələrin yerinə yetirilməsi, əlavə olaraq ölkə iqtisadiyyatının şaxələnməsinin sürətləndirilməsi, qeyri-neft sektorunun inkişafının təmin olunması, ölkənin müdafiə qabiliyyətinin daha da möhkəmləndirilməsi və Silahlı Qüvvələrin maddi-texniki təminatında idxaldan asılılığının azaldılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin 16 dekabr 2005-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi yaradılmışdır.

Müdafiə sənayesinin yerli imkanlarının inkişaf etdirilməsi məqsədilə mövcud müəssisələrin fəaliyyətinin ilkin bərpa proqramları hazırlanmış, prioritet sahələr müəyyən edilmiş, Azərbaycan Ordusu və başqa silahlı birləşmələrin müdafiə təyinatlı məmulatlara və maşınqayırma sənayesi məhsullarına olan tələbatı dəqiqləşdirilmiş, zəruri hesab edilən xarici-iqtisadi əlaqələrin bərpası və genişləndirilməsi üçün müvafiq işlər aparılmışdır. Sonrakı illərdə möhtərəm Prezidentin bilavasitə rəhbərliyi ilə hazırlanmış və qəbul edilmiş strateji planlar əsasında Silahlı Qüvvələrin qarşısında duran vəzifələrə uyğun imkan və qabiliyyətinin inkişaf etdirilməsinə, əməliyyatların yeni üsul və formalarla aparılması üçün zəruri silah, hərbi və xüsusi texnika növlərinin alınması və onların yerli istehsalının təmin edilməsinə başlanmışdır.

Ötən dövrdə Türkiyənin, Cənubi Afrikanın, Rusiya Federasiyasının, Serbiyanın, İsrailin və s. ölkələrin aparıcı şirkətləri ilə əməkdaşlıq çərçivəsində alınmış müasir texnologiya və avadanlıqlarla təchiz olunmuş 50-dən çox yeni istehsal sahələri yaradılmış, atıcı silahlar və onların patronlarının, tapança, avtomat, pulemyot və toplar üçün müxtəlif kalibrli lülələrin, zirehli döyüş maşınları, tank və artilleriya topları üçün müxtəlif atəş yığımlarının istehsalı, qumbaraatanların və minaatanların atəş yığımlarının doldurulma sahələri, optik cihazların lisenziya və istehsal texnologiyalarının alınması ilə istehsalı mənimsənilmişdir. İqtisadi imkanlar artdıqca güc strukturlarının müasir standartlara cavab verən və özündə yeni texnologiyalar cəmləşdirən silah sistemləri ilə təchiz edilməsilə yanaşı, XXI əsrdə müharibələrinin müqəddəratını həll edən kəşfiyyat və zərbə pilotsuz uçuş aparatlarının yerli istehsalı da uğurla davam etdirilmişdir. Pilotsuz uçuş aparatlarının istehsalının təşkili məqsədilə Nazirliyin tabeli müəssisələrində qısa müddət ərzində yenidənqurma işləri aparılmış, yerli mütəxəssislərin hazırlığı və sonrakı illərdə həmin aparatların təkmilləşdirilməsi təmin edilmişdir. Nəticədə, Azərbaycan Ordusu və başqa silahlı birləşmələrin müdafiə təyinatlı məmulatlara olan tələbatı ödənilməklə yanaşı, istehsal olunan məhsulların bir sıra ölkələrə ixrac edilməsi də təmin edilmişdir. Görülmüş işlərə ali qiymət isə möhtərəm Prezident cənab İlham Əliyevin özü tərəfindən verilmişdir. Ölkə rəhbəri çıxışlarının birində demişdir: “Mənim təşəbbüsümlə Azərbaycanda müdafiə sənayesi yaradıldı. Biz ordumuzun tələbatını böyük dərəcədə daxili istehsal hesabına təmin edirik. Azərbaycanda 1000-dən çox adda hərbi təyinatlı məhsul istehsal edilir, o cümlədən ən müasir məhsullar”.

Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin illərdir ardıcıl olaraq qətiyyətlə həyata keçirdiyi uğurlu siyasi-iqtisadi, hərbi və diplomatik strategiyası nəhayət öz töhfəsini verdi və 2020-ci ilin 27 sentyabr tarixində əks-hücumla başlayan Vətən müharibəsi 44 gündən sonra 8 noyabrda otuz ilə yaxın işğal altında qalmış torpaqlarımızın azad edilməsi tarixi Zəfərlə başa çatdı. Vətən müharibəsində torpaqlarımızın müdafiəsi və azadlığı üçün Azərbaycan Ordusu və başqa silahlı birləşmələrin silah, hərbi və xüsusi texnika ilə təmin edilməsi naminə Nazirliyin müəssisələri gücləndirilmiş iş rejimində işləmiş, 72 işçimiz döyüşlərdə iştirak etmiş, 3 əməkdaşımız şəhidlik zirvəsinə ucalmışdır.

Ulu öndərin azərbaycançılıq ideyası özünün yenilməz gücünü Vətən müharibəsində bir daha nümayiş etdirdi. Azərbaycanda mehriban qonşuluq və dostluq şəraitində yaşayan müxtəlif millətlərin nümayəndələri dəmir yumruq kimi birləşərək, Müzəffər Ali Baş Komandanın sərkərdəliyi ilə düşməni məğlub etdilər. Şanlı Qələbənin rəhni olan bu birlik və həmrəylik müstəqil dövlətimizin güc və qüdrət mənbəyidir.

Azərbaycanın heyrətamiz uğurları bir daha təsdiqləyir ki, ulu öndər Heydər Əliyevin siyasi irsinə, dövlətçilik ənənələrinə və Azərbaycan xalqının iradəsinə söykənən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev dövlətimizi daha da inkişaf etdirərək ümummilli liderin dövlətçiliklə bağlı arzu və istəklərinin həyata keçirilməsini təmin etməyə nail olmuşdur.

Möhtərəm Prezident cənab İlham Əliyevin müdrik rəhbərliyi ilə son onilliklərdə əldə edilmiş siyasi, iqtisadi və diplomatik nailiyyətlər, ölkənin müdafiə qüdrətinin artırılması istiqamətində ardıcıl həyata keçirilən praqmatik və məqsədyönlü siyasət Azərbaycanın beynəlxalq nüfuzunu daha da möhkəmləndirmiş, regionda ən güclü orduya sahib olmaq imkanı qazandırmışdır. Postmüharibə dövründə başqa sahələrdə olduğu kimi, ölkənin müdafiə qabiliyyətinin artırılması, ordu quruculuğu istiqamətində davamlı islahatlar aparılır, güc strukturlarının maddi-texniki bazasının daha da gücləndirilməsi yönümündə təxirəsalınmaz tədbirlər həyata keçirilir.

Bu baxımdan, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin “Biz real həyatda yaşayırıq və 1990-cı illərin əvvəlində Ermənistan tərəfindən bizə qarşı aparılmış etnik təmizləmə siyasətini, Xocalı soyqırımını, işğalı heç vaxt unutmamalıyıq, azərbaycanlılar kimi həmişə bizim yaddaşımızda olmalıdır. Məsuliyyətli insanlar kimi həmişə biz hər şeyə hazır olmalıyıq” əmri Müdafiə Sənayesi Naziriliyinin kollektivi üçün bundan sonra da əsas hədəf və fəaliyyət devizi olacaqdır.

Mədət QULİYEV

Azərbaycanın Milli Qəhrəmanı,

müdafiə sənayesi naziri

“Respublika”

 qəzeti
15.06.2022

Mənbə aşağıdakı linkdədir :

https://www.mdi.gov.az/az/xeberler-30/azerbaycan-xalqinin-ebedi-xilaskari-1028

Share: