KOSMONAVTİKA GÜNÜ TARİXİN YADDAŞINDA

Uzun illərdir ki, 12 aprel tarixi Ümumdünya Kosmonavtika günü kimi qeyd edilir. Yaddaşlarda silinməz iz qoyan bu tarix, hərbi təyyarəçi Yuri Alekseyeviç Qaqarinin adı ilə bağlıdır. Yerətrafı fəzaya ilk dəfə 61 il öncə yol açan bu insanın cəsarəti bəşəriyyətin diqqətini cəlb etmiş, kosmosun fəthi tarixində unudulmaz səhifələr yazmışdır. Artıq 50 ilə yaxın fəaliyyət göstərən Milli Aerokosmik Agentliyində də bu gün böyük ehtiramla xatırlanır, təşkilatımızın yaranmasında və inkişafında xüsusi xidmətləri olan Tofiq İsmayılovun məzarı ənənəvi olaraq ziyarət edilir. İndi həm telekommunikasiya, həm də Yerin məsafədən zondlanması peykinə malik olan Azərbaycanda informasiya texnologiyalarının inkişafında əhəmiyyətli nailiyyətlər qazanılmış, kosmik məlumatlar əsasında həll edilən praktiki məsələlərin arsenalı ildən- ilə genişlənmişdir. İllər keçəcək, ölkəmizdə kosmik texnologiyaların yüksəlişinin yeni mərhələsi başlayacaq, növbəti peyklərimiz orbitə çıxarılacaq, kosmik infrastruktur obyektləri daha da təkmilləşəcək, 12 aprel günü isə tarixin səhifələrində daima möhtəşəm yer tutacaq, bəşəriyyətin yaddaşında əsrlər boyu yaşayacaqdır. Bu əlamətdar gün münasibətilə ən yeni texnologiyaların mənimsənilməsində və iqtisadiyyatımızın müxtəlif sahələrinə yol açmasında öz töhfələrini vermiş bütün mütəxəssislərimizi, yaradıcı insanlarımızı təbrik edir, kosmik sənayenin inkişafı yolunda onlara uğurlar arzulayırıq.

Author: